Azərbaycan şahmatçıları Qazaxıstanın Türküstan şəhərində keçirilən Türk Şahmat Assosiasiyasının çempionatında növbəti görüşlərini keçiriblər.
Prosport.Az xəbər verir ki, kişilərin yarışında Nicat Abasov VI turda türkiyəli Arda Çamlarla heç-heçə edib, VII turda isə qırğızıstanlı Eldiyar Orozbayevə qalib gəlib.
İlk dövrəni 4 qələbə və 3 heç-heçə ilə tamamlayan qrossmeysterimiz 5,5 xalla turnir cədvəlinə başçılıq edir. Abasov ən yaxın izləyicisi Çamları 1 xal qabaqlayır.
Qadınların mübarizəsində Gövhər Beydullayeva VI turda Macarıstanı təmsil edən lider Davaadəmbərəl Nomin Erdeneni məğlub edib. Şahmatçımız VII turda qazaxıstanlı Zarina Nurqaliyeva ilə heç-heçə oynayıb. Beydullayeva 5 xalla 3-cü pillədə qərarlaşıb və liderdən yarım xal geri qalır.
Veteranların turnirində çıxış edən Vüqar Bayramov IV turda qazaxıstanlı Pyotr Kostenko ilə xalları bölüşüb. 1 qələbə, 1 heç-heçə və 2 məğlubiyyəti olan təmsilçimiz 1,5 xalla 7-ci yerdədir.
Noyabrın 24-də Abasov özbəkistanlı Abdimalik Abdisalimovla, Beydullayeva türkiyəli Gülənay Aydınla, Bayramov isə Türkmənistan təmsilçisi Karen Qriqoryanla qarşılaşacaq.
Qeyd edək ki, kişilərin və qadınların yarışları 2 dövrədən ibarət dairəvi sistemlə, 14 tur üzrə keçirilir. Veteranların turniri isə 7 turdan ibarətdir.
