"Qarabağ"ın futbolçusu Kadi 1-i şərti olmaqla 3 oyunluq cəzalanıb
Prosport.Az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
Braziliyalı futbolçu Azərbaycan Premyer Liqasının III turunda baş tutan "Sumqayıt" – "Qarabağ" qarşılaşmasının 31-ci dəqiqəsində təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün bu cəzaya məruz qalıb. Ağdam təmsilçisi isə 3 000 manat cərimə olunub. Yarımmüdafiəçiyə 6 ay sınaq müddəti təyin edilib.
Həmçinin sözügedən oyunda azarkeşlərin rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsinə görə "Sumqayıt" klubu 5 000 manat cərimələnib.
Bundan başqa, III turun "Zirə" – "Neftçi" matçının 70-ci dəqiqəsində 2-ci sarı vərəqədən sonra cəzalanan "Neftçi"nin futbolçusu Elvin Bədəlov 1 oyunluq cəzaya məruz qalıb, paytaxt klubu isə 500 manat cərimələnib. Həmin görüşün 80-ci dəqiqəsində azarkeşlərin meydançaya kənar əşya atması səbəbindən "Neftçi" daha 2 000 manat cərimə edilib.
