Ağdam klubu Rusiyanın "Pari Nijni Novqorod" komandasında çıxış edən Renaldo Sefası transfer edib.
Prospprt.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, tərəflər arasında aparılan danışıqlar uğurla yekunlaşıb.
Hər iki cinahda və mərkəz hücumçusu mövqeyində oynaya bilən 26 yaşlı yamaykalı futbolçu ilə 3 illik müqavilə imzalanıb. Renaldo Sefas 2029-cu ilin yayına qədər “Qarabağ”ın formasını geyinəcək.
Karyerası ərzində Yamaykanın “Arnett Qardens”, Şimali Makedoniyanın “Şkupi” və Türkiyənin “Ankaragücü” klublarında çıxış edən futbolçu 2025-ci ilin yayında “Pari Nijni Novqorod”a transfer olunmuşdu.
2023-cü ildən Yamayka millisində forma geyinən Sefas yığmanın heyətində 21 oyunda meydana çıxıb və 1 qola imza atıb. O, həmçinin 2024-cü ildə KONKAKAF Millətlər Liqasının bürünc medalını qazanıb.
Qeyd edək ki, Renaldo Sefas “Qarabağ”ın yay transfer pəncərəsində heyətinə qatdığı altıncı futbolçudur. Bundan əvvəl Jali Muaddib, Zakaria Savo, Samuel Lobato, Bruno Lanqa və Martin Zlomisliç Ağdam təmsilçisinə transfer olunublar.

