Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarovun çıxış etdiyi Türkiyənin “Bayegan Pendik” klubu Monteneqronun Budva şəhərində keçirilən şahmat üzrə Avropa Kubokunun qalibi olub.
Prosport.Az xəbər verir ki, Məmmədyarovun komandası 7 turun yekununda 13 xal toplayaraq kişilərin yarışında 1-ci yeri tutub. Türkiyə təmsilçisi son turda Rumıniyanın “SuperChess” klubunu 3,5:2,5 hesabı ilə məğlub edib.
“Vüqar Həşimov” klubu isə 108 iştirakçı arasında 10-cu pillədə qərarlaşıb. Komanda son turda Türkiyənin “Pausa” kollektivinə 5,5:0,5 hesabı ilə qalib gələrək xallarının sayını 10-a çatdırıb.
“Vüqar Həşimov”un heyətində Rauf Məmmədov, Aydın Süleymanlı, Şiroğlan Talıbov, Read Səmədov, Xəzər Babazadə, Vüqar Manafov və Kənan Qarayev çıxış ediblər.
Qadınların yarışında Azərbaycanın “Odlar Yurdu” klubu mükafatçılar sırasına düşə bilməyib. 7 turun nəticəsinə əsasən, 10 xal toplayan komanda 22 iştirakçı arasında 4-cü yeri tutub.
Son turda “Odlar Yurdu” Serbiyanın “Sirmium Sremska Mitrovitsa” klubuna 0,5:3,5 hesabı ilə uduzub. Bu məğlubiyyət Azərbaycan təmsilçisinin ilk "3-lük"də yer almasına mane olub.
Komandanın heyətində Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Günay Məmmədzadə, Xanım Balacayeva və Gülnar Məmmədova mübarizə aparıblar.
