Ümumdünya Güləş Birliyinin, Beynəlxalq Qazax Güləşi Federasiyasının qərarı və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Milli İdman Növləri Assosiasiyasının birgə təşkilatçılığı ilə 27-28 yanvarda qazax güləşi idman növü üzrə Avropa çempionatı keçiriləcək.
Prosport.Az xəbər verir ki, rəsmi olaraq qazaq güləşi üzrə III Avropa çempionatı "Sərhədçi" İdman Mərkəzində baş tutacaq.
2 gün davam edəcək turnirdə 14 ölkədən 150 güləşçi medallar uğrunda mübarizə aparacaq. Azərbaycanın qazax güləşi üzrə milli yığma komandası yarışda 8 kişi və 8 qadın idmançı ilə təmsil olunacaq.
Qeyd edək ki, bu yarış ötən ilin dekabrın 11-də keçirilməli idi. Ancaq yarış müəyyən səbəblərdən təxirə salınmışdı. Bu dəfə yarış günü də 1 yox, 2 gün nəzərdə tutulub. Sözügedən Avropa çempionatı 2024-cü ildə Azərbaycanın ev sahibliyi edəcəyi ilk beynəlxalq yarış olacaq.
