Azərbaycan millisinin və “Bursaspor”un futbolçusu Toral Bayramov karyerasını Polşada davam etdirə bilər.
Prosport.Az xəbər verir ki, bu barədə Polşa mətbuatı məlumat yayıb.
İddiaya görə, 25 yaşlı müdafiəçi ilə Polşanın “Rakuv” klubu arasında mümkün qış transferi ilə bağlı danışıqlar aparılır. Tərəflərin futbolçunun altı aylıq icarəyə götürülməsi variantını müzakirə etdiyi bildirilir.
Azərbaycanlı futbolçu cari mövsümdə “Bursaspor”un heyətində 11 oyunda meydana çıxıb. O, ümumilikdə 425 dəqiqə oynayıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Bayramov daha əvvəl uzun illər “Qarabağ”ın formasını geyinib, ğtən mövsüm Azərbaycan çempionatında Ağdam təmsilçisinin heyətində 30 oyunda 7 qol vurub. O, “Qarabağ”la birlikdə mütəmadi olaraq avrokuboklarda iştirak edib.
Futbolçu 2026-cı ilin yayında “Qarabağ”dan ayrılaraq “Bursaspor”a keçib. Onun Türkiyə klubu ilə müqaviləsi 2029-cu ilin iyununa qədər qüvvədədir. Amma Toralın Bursa təmsilçisindəki işləri elə də uğurlu getmir.
Maraqlıdır ki, Bayramov “Rakuv”la artıq qarşılaşıb. O, 2023-cü ildə “Qarabağ”ın heyətində Çempionlar Liqasının təsnifat mərhələsində Polşa klubuna qarşı meydana çıxıb.
Xatırladaq ki, “Rakuv”da Azərbaycan millisinin daha bir üzvü – Mahir Emreli də çıxış edir.
