Ukrayna millisinin baş məşqçisi Andrea Maldera “Qarabağ”ın futbolçusu Aleksey Kaşşukun yığmadakı debütünü dəyərləndirib.
Prosport.Az xəbər verir ki, italiyalı mütəxəssis Millətlər Liqasının B Liqasının 2-ci qrupunda Şimali İrlandiyaya qarşı keçirilən oyundan (0:1) sonra yarımmüdafiəçinin oyunu barədə deyib:
“Kaşşukun milliyə dəvət olunması məntiqli qərardır. Ümumiyyətlə, onun əvvəllər niyə çağırılmadığını başa düşmürəm. O çox uğurlu çıxış edir, üstəlik, dünya çempionudur. Belə olan halda uğurla oynayan, “Şaxtyor”un yetirməsi olan öz futbolçumuzu çağırmayaq, bəs kimi çağıraq?
Ümumilikdə, o bir qədər həyəcanlı idi, amma debütü üçün çox yaxşı oynadı. Arzu edərdim ki, hamı millidəki ilk oyununda belə çıxış etsin. Qol vursaydı, bu onun karyerasında dönüş nöqtəsi ola bilərdi. Həmin epizod ən yaxşı qol imkanı idi. Hesab edirəm ki, onda soyuqqanlılıq çatmadı. Daha yaxşı oynamaq üçün bir qədər çox vaxta ehtiyacı var idi”, – deyə Andrea Maldera bildirib.
