"Gəncə" basketbol klubunun baş məşqçisi Murad Dikmen FIBA Avropa Kubokunda Türkiyənin “Esenler Erokspor” komandası ilə oyun barədə fikirlərini bölüşüb.
Prosport.Az xəbər verir ki, türkiyəli mütəxəssis məğlubiyyətin səbəblərindən, komandadakı zədə və rotasiya problemlərindən danışıb:
“Öncə rəqibi təbrik edirəm. Onlar turnirin qalibi olmağa əsas namizədlərdəndirlər. Bu gün “Esenler Erokspor”la qarşılaşmaq bizim üçün əhəmiyyətli idi.
Təəssüf ki, komandaya gəldiyim gündən cəmi 7 oyunçu ilə rotasiya edirik. Bunlardan 5-i legioner, 2-si isə yerli basketbolçudur. Hətta ilk gəldiyim vaxt zədələrə görə bu say 4-ə qədər düşmüşdü. Bu da işimizi çətinləşdirir. Çünki Avropa yarışlarında iştirak edirik, çox səyahət edirik və nəticədə yorğunluq yaranır.
Oyunun əvvəlində istədiyimiz kimi mübarizə apardıq. Həm müdafiədə, həm də hücumda yaxşı təsir bağışlayırdıq. Lakin Bakari cəzalı vəziyyətə düşmək təhlükəsi ilə üzləşəndən sonra rotasiyaya əl atdıq və ikinci periodda oyuna nəzarəti, demək olar ki, itirdik. Fasiləyə qədər matçın taleyi böyük ölçüdə həll olunmuşdu.
Sonradan oyunun gedişatını dəyişmək üçün cəhdlər göstərdik, amma xal fərqini azalda bilmədik. Gənc oyunçumuz Aydın İbrahimova daha çox şans vermək istəyirdik. Lakin o, meydana çıxdıqdan cəmi 10 saniyə sonra zədələndi. Mörfinin cəzalanması da vəziyyətimizi daha da çətinləşdirdi.
Rəqibin güclü olduğunu bilirdik. Azarkeşlərimizə daha yaxşı oyun göstərmək istəyirdik. Qarşıda bizi yenə səfər matçları gözləyir. Həm ölkə çempionatında, həm də Avropa yarışlarında çıxış edəcəyik. Daha sonra iki həftəlik fasilə olacaq. Zədəli oyunçularımızın da sıraya qayıtması ilə əvvəlki çıxışımızı bərpa edə bilərik”.
Qeyd edək ki, görüş rəqibin 97:66 hesablı qələbəsi ilə başa çatıb.
