"Bir tərəfdən komandamın, oyunçularımın çıxışından çox razıyam. Bir daha gördük ki, komandamız güclü xarakterə malikdir və heç bir rəqib bizi asanlıqla məğlub edə bilməz".
Prosport.Az xəbər verir ki, "Neftçi" basketbol komandasının baş məşqçisi Konstantinos Vasiliadis FIBA Avropa Kubokunun müntəzəm mövsümünün V turunda "Lokomotiv" (Bolqarıstan) ilə oyundan (72:76) sonra deyib.
Yunanıstanlı mütəxəssis bildirib ki, zədələrə, qarşılaşdıqları problemlərə və yorğunluğa baxmayaraq, basketbolçular 40 dəqiqənin hər anında döyüşkən xarakter nümayiş etdiriblər: "Təəssüf ki, kiçik detallar oyunu məğlubiyyətlə başa vurmağımıza səbəb oldu. Buna baxmayaraq, əminəm ki, bu cür mübarizəni davam etdirsək, Avropa arenalarında da qələbələr qazanacaq və ölkə çempionatındakı uğurlu çıxışımızı sürdürəcəyik.
Şənbə günü növbəti oyunumuz var. Sabah geri qayıtmalı, oyunçuların fiziki bərpasına diqqət yetirməli və həmin qarşılaşmaya hazırlaşmalıyıq".
