"Neftçi" və "LANDAU Layns" basketbol komandaları bu gün FIBA Avropa Kubokunun müntəzəm mövsümündə V tur oyunlarına çıxacaqlar.
Prosport.Az xəbər verir ki, "ağ-qaralar" H qrupunda Bolqarıstanın "Lokomotiv" kollektivinin qonağı olacaq.
Oyun Plovdiv şəhərində, Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
"Neftçi" qrupda keçirdiyi əvvəlki 4 görüşdə məğlub olub. Komanda "Fribur Olimpik"ə (İsveçrə) 73:78, Yunanıstan təmsilçisi "Mikonos"a 58:78, Latviyanın VEF kollektivinə 94:110, "Oradya"ya (Rumıniya) 83:99 hesabı ilə uduzub.
"LANDAU Layns" isə Portuqaliyada "Benfika" ilə üz-üzə gələcək. G qrupundakı qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Xatırladaq ki, "LANDAU Layns" IV turda Türkiyənin "Denizli Basket" kollektivinə qalib gəlib - 94:86. Ölkə təmsilçisi əvvəlki 3 görüşdə isə məğlub olub. Ərhan Tokərin baş məşqçisi olduğu komanda Danimarkanın "Bakken Birs" (88:91), İsveçrənin "Lions de Geneve" (83:105), Slovakiyanın "Prievidza" klubuna (84:108) uduzub.
