"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsindəki növbəti oyununu Norveçdə "Vikinq" komandasına qarşı keçirib.
Prosport.Az xəbər verir ki, Stavanger şəhərində baş tutan qarşılaşma ev sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv açıb. 11-ci dəqiqədə Orfe Mbina fərqlənib. 27-ci dəqiqədə Erik Botheym tablodakı rəqəmləri eyniləşdirib. 69-cu dəqiqədə Zlatko Tripiç norveçliləri hesabda irəli çıxarıb.
O, kobud oyuna görə təyin olunan penalti zərbəsini dəqiq yerinə yetirib. Futbolçunun ilk vuruşunu qapıçı Stas Pokatilov dəf etsə də, 2-ci cəhd uğurlu alınıb. Daha sonra Henrik Falşener 81-ci dəqiqədə başla dəqiq oynayıb. Oyunda son nöqtəni 90+4-cü dəqiqədə dubl edən Erik Botheym qoyub.
"Bayquşlar" matçı 10 nəfərlə başa vurublar. 77-ci dəqiqədə Eyden Makkarti kobud oyuna görə birbaşa qırmızı vərəqə ilə cəzalandırılıb.
Xatırladaq ki, "Sabah" daha əvvəl UEFA Çempionlar Liqasının Liqa mərhələsində İngiltərənin "Mançester Yunayted" (0:4) və Almaniyanın "Borussiya" (Dortmund) klublarına uduzub - 1:2. Azərbaycan çempionu Çexiyanın "Slaviya" komandasını 2:0 hesabı ilə məğlub edib.
"Sabah" növbəti oyununu noyabrın 25-də, Bakı Olimpiya Stadionunda "Barselona"ya (İspaniya) qarşı keçirəcək.
