Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında 3-cü yarış gününə yekun vurulub.
Prosport.Az xəbər verir ki, günü medalsız başa vuran Azərbaycan komandası ötən günlə müqayisədə 7 pillə geriləyərək 9-cu sıraya enib. Medal siyahısının ilk pillələrində də dəyişiklik olub. 3-cü yarış günündə 2 qızıl medal qazanan Yaponiya komandası 1-ci, hesabında eyni sayda qızıl medal olan Rusiya millisi isə 2-cidir. Çin Xalq Respublikası 1 qızıl, 2 bürünc medalla ilk "3-lüy”ü qapayır. Aktivində 1 qızıl, 1 gümüş medal olan Xorvatiya və Yeni Zelandiya komandaları isə müvafiq olaraq, 4-5-ci pillələri bölüşür.
Ümumilikdə isə 41 ölkənin komandası müxtəlif əyarlı medallar qazanıb ki, onlardan da 15-i qızıl medal sevinci yaşayıb.
Qeyd edək ki, Azərbaycan komandasının aktivində hazırda 1 qızıl medal var. Yeganə medalı komandamıza cüdo yarışlarında -55 kq çəki dərəcəsində mübarizə aparan İbrahim Talıbov qazandırıb.
Qeyd edək ki, noyabrın 13-dək davam edəcək Oyunlarda 25 idman növü üzrə 153 medal dəsti uğrunda 2700-ə yaxın gənc idmançı mübarizə aparır. Azərbaycan komandası olimpiadada 8 idman növü üzrə 13 idmançı ilə təmsil olunur.
