UEFA Gənclər Liqasında “Qarabağ” – “Dinamo” (Zaqreb, Xorvatiya) (1:2) matçından sonra Ağdam klubunun futbolçusu Əli Qazıbəyov jurnalistlərin suallarını cavablandırıb.
Prosport.Az müsahibəni təqdim edir:
– Çox təcrübəli və müdafiə baxımından güclü komandaya qarşı mübarizə apardınız. Oyunu necə dəyərləndirirsiniz?
– Çox yaxşı, müdafiədə sıx oynayan və təcrübəli komandaya qarşı mübarizə apardıq. Hamıya məlumdur ki, Xorvatiya futbol məktəbi Azərbaycan futbolundan xeyli irəlidədir. Buna baxmayaraq, komanda olaraq özümüzə güvəndik. İlk hissəni 1:0 öndə başa vurduq. 2-ci hissədə isə müəyyən yorğunluq vardı. Rəqib bu tempdə oynamağa daha çox öyrəşib. Biz isə yalnız ötən il UEFA Gənclər Liqasında oynamışıq. Bunun bir az üstünlükləri vardı. Nəticədə oyunun sonlarına yaxın qol buraxdıq. Amma ruhdan düşmək olmaz. Qarşıda 2-ci oyun var. İnanıram ki, Zaqrebdə daha yaxşı çıxış edərək Bakıya yaxşı nəticə ilə qayıdacağıq.
– Zədənizin durumu necədir?
– Zədələr oynadığımız meydançaların süni örtüyü ilə əlaqəlidir. Bu, futbolçular üçün daha pisdir. Təbii ot örtüyü biz mövsüm ərzində 2-3 oyun görürük. Ona görə də "sudurqa" (qıcolma) tutur. Süni örtük daha sərt olduğuna görə bərpa prosesinə də mənfi təsir göstərir. Bununla belə, hazırda zədəmin ciddi olduğunu deməzdim.
– UEFA səviyyəsindəki komandalarla Azərbaycan çempionatında mübarizə aparan komandalar arasında oyun tempi baxımından hansı fərqlər var?
– Avropa komandalarına, xüsusilə də Xorvatiya təmsilçisinə qarşı oynayanda temp fərqi açıq hiss olunur. Azərbaycan çempionatında da sürətli oyunlar var, amma həmin temp Avropa səviyyəsindəki oyunların tempinin heç 50%-i qədər deyil. Buna görə də belə qarşılaşmalara öyrəşmək lazımdır. Daha sürətli düşünməli və meydanda daha diqqətli oynamalıyıq. Bəzi futbolçularımız milli komandada çıxış etdikləri üçün bu tempə müəyyən qədər alışqandır. Digər oyunçular üçün isə belə oyunlar daha çətin keçir.
– "Dinamo" Akademiyasının səviyyəsi hər kəsə məlumdur. Komandanız son oyunlarda da yaxşı təsir bağışlayıb. İlk oyunda göstərdiyiniz mübarizə növbəti qarşılaşma üçün sizə əlavə motivasiya verəcəkmi?
– Biz hər zaman özümüzə və bir-birimizə güvənmişik. Bu gün də meydana bir yumruq, vahid komanda kimi çıxdıq. Göstərmək istəyirik ki, Azərbaycanda futbol var və akademiyalarımız inkişaf edir. Komandamız ölkənin ən yaxşı akademiya komandalarından biridir. Ötən il çempionatı 19 yaşlı futbolçular arasında çempion kimi başa vurmuşduq. Bu il də mübarizəmizi davam etdiririk. Bir daha qeyd edirəm ki, komandama güvənirəm. İnanıram ki, 2-ci oyunda daha yaxşı çıxış edəcəyik.
