AFFA 8 Noyabr prospektindən köçəcək. Futbol federasiyaları assosiasiyası tezliklə özünə yeni iqamətgah tikib şəhərin mərkəzini tərk edəcək.
Prosport.Az futbolinfo.az-a istinadən xəbər verir ki, qurum Hövsanda məskunlaşmağa qərar verib.
Burada yenicə istifadəyə verilən yarış kompleksinin ərazisində boş sahələr qalıb. AFFA həmin yerdə yeni inzibati bina tikmək və ən qısa zamanda bura köçmək niyyətindədir.
Yarış kompleksində hazırda beynəlxalq standartlara cavab verən, tribunasız 5 meydança salınıb. U-15-lərin dünya çempionatlarına görə həmin meydanların hər biri 2-yə bölünüb, yarışdan sonra yenidən normal vəziyyətinə qaytarılacaq. AFFA rəhbərliyi inzibati binanı da bura köçürməklə fəaliyyətini kompaktlaşdırmaq istəyir.
Amma AFFA-nın köçü mərhələli şəkildə reallaşdırılacaq. Boş ərazilərdə tikinti işləri aparılacaq, akademiya, reabilitasiya mərkəzi və s. növbəylə bura köçürüləcək. Daha sonra isə 8 Noyabr prospektindəki inzibati bina tamamilə təhvil veriləcək və yeni məkanda iş başlayacaq.
Əldə etdiyimiz məlumata görə, köçün tam yekunlaşması 2 ilədək vaxt apara bilər. Qarşıdakı 6 ayda akademiyanın köçürülməsi ilə işə start veriləcək, daha sonra müəyyən zaman ərzində proses tamamlanacaq.
