Neftçi" basketbol komandasının baş məşqçisi Konstantinos Vasiliadis Azərbaycan Basketbol Liqasında "Gəncə" üzərində qazanılan gərgin qələbədən (96:94) sonra klubun mətbuat xidmətinə açıqlama verib.
Prosport.Az xəbər verir ki, yunanıstanlı mütəxəssis komandasının müdafiə xəttindəki nöqsanlarına və oyunçuların yorğunluğuna toxunub:
"Oyuna müdafiədə zəif başladıq və lazımi enerjini göstərə bilmədik. Təkbətək müdafiədə ciddi səhvlərə yol verdik və rəqib ilk yarıda səbətimizdən 52 xal keçirdi. Fasilədə müəyyən düzəlişlər edib ikinci hissəyə fərqli beşliklə başladıq. Bu dəyişikliklər nəticə verdi və son dəqiqələrə qədər oyuna nəzarət etdik. Lakin həlledici anlarda komanda oyunu göstərmək əvəzinə, fərdi hərəkətlərlə nəticə qazanmağa çalışdıq.
Bununla belə, qələbə qazandığımız üçün şadam. Çempionatda məğlubiyyətsiz seriyamızı davam etdiririk. Əvvəlki oyundan sonra basketbolçularda yorğunluq var idi, buna görə matçın gərgin keçməsi gözlənilən idi. Çempionat uzun marafondur, yolumuza eyni templə davam etməliyik".
Qeyd edək ki, "Neftçi"nin növbəti oyunu FIBA Avropa Kubokunda "Oradea"ya (Rumıniya) qarşı olacaq. Görüş oktyabrın 28-də baş tutacaq.
