Azərbaycanın yunan-Roma güləşçisi Ülvi Qənizadə (72 kq) Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında yarımfinala yüksələ bilməyib.
Prosport.Az xəbər verir ki, ikiqat dünya çempionu 1/4 finalda rusiyalı Mingiyan Qoryayevlə qarşılaşarkən ayağından zədələnib.
Görüş dayandırılan zaman rəqib 7:6 hesabı ilə öndə olub. Zədəsi səbəbindən mübarizəni davam etdirə bilməyən Qənizadə qarşılaşmanı vaxtından əvvəl başa vurmaq məcburiyyətində qalıb.
Beləliklə, Azərbaycan güləşçisi dünya çempionu titulunu qorumaq imkanını itirib. O, daha əvvəl 1/8 finalda Yaponiya təmsilçisi Rintaro Soqabeni 9:4 hesabı ilə məğlub edib.
Murad Əhmədiyev (97 kq) də 1/4 final mərhələsində uğursuzluqla üzləşib. İlk görüşündə Cənubi Koreya təmsilçisi Çon Bin Kvona 8:0 hesabı ilə vaxtından əvvəl qalib gələn idmançı ardından xorvatiyalı Matey Mandiçi 7:1 hesabı ilə öndə olarkən tuşe ilə məğlub edib. Lakin Əhmədiyev yarımfinala vəsiqə uğrunda görüşdə Belarus təmsilçisi Kirill Maskeviçə 4:5 hesabı ilə uduzub.
130 kq çəki dərəcəsində çıxış edən Sərxan Məmmədov isə 1/8 finalda mübarizəni dayandırıb. O, ilk qarşılaşmada braziliyalı Gilyerme Evangelista Dias üzərində 11:0 hesablı qələbə qazansa da, növbəti mərhələdə Belarus təmsilçisi Pavel Qlinçuka 2:6 hesabı ilə məğlub olub.
Azərbaycan güləşçilərinin təsəlliverici görüşlərdə iştirak etmək imkanları onları məğlub edən rəqiblərin finala yüksəlməsindən asılı olacaq. Ülvi Qənizadənin vəziyyətində isə zədəsinin nə dərəcədə ciddi olması da əhəmiyyət daşıyacaq.
