"İmişli"nin baş məşqçisi Ervins Perkons Azərbaycan Premyer Liqasının IX turunun “Şamaxı” ilə oyunundan sonra keçirilmiş mətbuat konfransında iştirak edib.
Prosport.Az xəbər verir ki, latviyalı mütəxəssis 2:1 hesablı qələbədən danışıb:
"Bərabər səviyyədə oyun keçdi. Xüsusən də, 2-ci hissəni qeyd edərdim. Çox şanslarımız oldu, yüksək təzyiqlə oynadıq. Bu da rəqibə problem yaratdı. "Şamaxı" 7 oyun idi uduzmurdu. Sürpriz etmək istəyirdik. Ona görə düzülüşümüzü dəyişdik, 2 hücumçu ilə oynadıq. Onlar fasilədən sonra gedişatı dəyişmək niyyətində idi. Daha çox məsuliyyəti üzərilərinə götürmək istəyirdilər. Bilmirəm onlar bunu etdi, yoxsa biz səhv etdik. Ona görə də qol buraxdıq. Amma bu da bizə kömək etdi. Çünki o qoldan sonra 1-ci hissədəki kimi yüksək tempdə oynamağa başladıq. Hər iki komandanın yaxşı şansları oldu. Oyunun gedişində düzülüşdə dəyişikliyə getdik, yenidən 2 hücumçu ilə oynadıq. Riskə getdik, bəhrəsini verdi. Turnir cədvəlindəki daha aşağı pillədə yer alan komanda bəlkə də bərabərliyə razı olardı. Amma biz razı olmadıq, risk aldıq. Sonda da futbol tanrısı bizə kömək etdi və penalti qismətimiz oldu. Bundan yararlandıq, son dəqiqələrdə də müdafiədə yaxşı oynadıq. 3 xal bizim haqqımız idi".
