"İlk hissədə pis oynamadıq. Amma 2-ci hissədə çoxlu səhvlərə yol verdik. Rəqib bizim səhvlərimizdən 18 xal qazandı. Halbuki 3-cü periodda cəmi 3 səhv etmişdik və həmin hissəni 1 xal fərqi ilə qazana bildik.
Prosport.Az xəbər verir ki, bu sözləri NTD komandasının baş məşqçisi Tahir Baxşıyev Azərbaycan Basketbol Liqasının III turunda "Sabah"a 75:100 hesabı ilə uduzduqları oyundan sonra deyib.
Mütəxəssis məğlubiyyəti şərh edib: "Ümumilikdə, oyunumuzda müsbət məqamlar da var. Uşaqlar özlərinə inanmalıdırlar. Onlar artıq təkcə yaxşı oynamaq barədə deyil, qələbə qazanmaq barədə də düşünməlidirlər. Hər oyuna qalib gələ biləcəklərinə inanaraq çıxmalıdırlar. Bunun üçün çalışacağıq. İnanıram ki, zamanla irəliləyiş olacaq".
O, gənc basketbolçuların durumuna da toxunub: "Bu gün Mübariz Mirzəyev yaxşı oynadı. Maqsud Hümmətov və digər gənc oyunçularımız da özlərini göstərdilər. Əlbəttə, hələ çox səhv edirlər. Amma bu, təbiidir. Belə rəqiblərə qarşı oynamaq onlar üçün asan deyil. Hər oyun onlar üçün böyük təcrübədir. İnanıram ki, qazandıqları bu təcrübə yayda U-20 yığmasının heyətində keçiriləcək yarışlarda onlara çox kömək edəcək".
