Regon Liqasında çıxış edən "Lənkəran" futbol klubu (FK) fəaliyyətini dayandıra bilər.
Maddi sıxıntılar çəkən klubun rəhbəri Rəhman Abasov Prosport.Az-a müsahibə verib.
– "Lənkəran" FK 2023-cü ildən fəaliyyət göstərir. 2025/26-cı il mövsümünə qədər Region Liqasında iştirak etmişik. Bu 3 il ərzində komanda 2 dəfə 1/4 finala qədər gəlib çıxıb. Bu, bizim üçün yüksək nəticədir. Çünki komandanın sponsoru yoxdur, klub öz daxili gücümüz hesabına fəaliyyət göstərir. Burada iştirak edən bütün futbolçular, həkim kollektivi, məşqçilər, məşqçi köməkçiləri və media rəhbəri tam maliyyəsiz fəaliyyət göstərir. Bir neçə nəfər də bu heyətə əlavə olunub və artıq klubun daxilində qalıb, bu yükü öz çiyinlərində daşıyırlar. Hamısının şəxsi işləri var, hərəsi başqa yerdə çalışır. Amma Lənkəran futbolunun adına görə, burada futbol olsun deyə bu yola bizimlə birlikdə çıxıblar.
Bu yaxınlarda çempionat başa çatanda 1/4 finalda dayandıq. Komanda lisenziyalaşdırmanı tamamladı və AFFA tərəfindən II Liqada iştirak etmək üçün lisenziya aldı. Bu günə qədər komanda öz gücünə fəaliyyət göstərib. Gələcəkdə də yaxşı nəticə göstərmək üçün sponsorlara ehtiyacımız var. Buradan həm lənkəranlı iş adamlarına, həm respublikada, həm də xaricdə yaşayan iş adamlarına müraciət edirik ki, klubun gələcək fəaliyyəti üçün dəstək olsunlar. Çünki elə bir vəziyyət yaranıb ki, fəaliyyət dayandırıla bilər. Qeydiyyatdan keçmək üçün çox az vaxt qalıb. Sentyabrın 17-dək vaxtımız var. Biz çalışırıq ki, öz qüvvələrimizlə bunu davam etdirək. Mən klub rəhbəri olaraq düşünürəm ki, komandanın heyəti hazırdır. Futbolçular 2026/27-ci il mövsümündə də oynamaq istəyir və bildiriblər ki, əllərindən gələni edəcəklər.
Amma artıq 3 ildən çoxdur ki, bu insanlar bazar günlərini, istirahətlərini oyunlara sərf ediblər, zədələr alıblar. Biz də həmin zədələrin müalicəsini qarşılamağa çalışmışıq. Buradan Bioloji Təbabət Klinikasının Masallı filialının direktoru Qüdrət Yaqubova təşəkkür edirəm. Bu neçə il ərzində bizimlə çiyin-çiyinə yol gediblər. Hazırda vəziyyət ağırdır. Klub rəhbəri kimi müraciət edirəm ki, Lənkəran futbolunun davamlılığını təmin etmək üçün bizə kömək etsinlər.
– Hazırda tək dəstəkçiniz Bioloji Təbabət Klinikasıdır?
– Bəli, sağ olsunlar, kömək ediblər. Hətta əməliyyat belə ediblər. Komandanın futbolçusu travmadan sonra bərpa prosesində ayağını yenidən zədələdi və əməliyyat məcburiyyətində qaldı. Klinika orada tibbi xidməti həyata keçirdi. Göstərdikləri dəstək yüksək səviyyədədir. Hətta oyunçularımıza təcili yardım maşını ilə oyunlarda tibbi dəstək göstərirlər. Bir də lənkəranlı Elnur Əliyev bizə dəstək olub. Ona da təşəkkürümü çatdırıram.
– Bəs 3 il ərzində hansı maliyyə ilə fəaliyyət göstərmisiniz?
– Mən klub rəhbəri kimi xərcləri ödəmişəm. Komandanın futbolçuları, media, məşqçilər və digər əməkdaşlar isə öz güclərini ortaya qoyublar. Biz ilk komandanı belə yaratmışıq ki, Lənkəranda futbol yoxdur, gəlin bir yerə yığışaq və futbolu yaşadaq. Düşünürük ki, müəyyən uğurlarımız olub. Maliyyəsiz şəkildə 1/4 finala qədər gəlmək elə-belə deyil. Çünki 1/4 finala gələn komandaların arasında sponsorlu komandalar da var. 8 komanda 1/4 finala qədər gəlmişdi və yalnız "Lənkəran" FK-nın sponsoru yox idi. Digər komandaların hamısında yerli iş adamları müəyyən formada dəstək göstərirdilər. Biz isə yeganə komanda idik ki, heç bir yerdən maliyyə dəstəyimiz olmayıb.
– Özünüz iş adamısınız?
– Xeyr, mən iş adamı deyiləm. Mən özüm təqaüddə olan polis işçisiyəm. I Qarabağ müharibəsində – 1990-1994-cü illərdə müharibədə olmuşam, müharibə iştirakçısıyam. Heç bir biznesim yoxdur. Sadəcə olaraq Lənkəranda futbolun olmaması, insanlardan gələn suallar məni bu yola gətirib. Lənkəran və Azərbaycanın digər bölgələrində bizə tez-tez sual verirlər ki, Lənkəranda futbol nə vaxt düzələcək, nə vaxt yüksək liqalarda sizi görəcəyik? Lənkəran futboluna olan maraq böyükdür. Azərbaycanda elə bir bölgə, elə bir insan olmaz ki, Lənkəran futbolunu eşidəndə maraq göstərməsin.
– "Palmali"yə müraciətlər etmisiniz?
– İlk rəsmi müraciətimizi yaxın vaxtlarda etmişik. Təkcə "Palmali" Şirkətlər Qrupuna deyil, ümumiyyətlə Lənkəranda fəaliyyət göstərən şirkətlərin baş ofislərinə müraciət etmişik. Bank sektoru, ticarət obyektləri, market şəbəkələri, mənzil tikintisi ilə məşğul olan şirkətlər və digər müəssisələrə məktub göndərmişik.
– Müsbət cavab olub?
– Hələ müsbət geri dönüş yoxdur. Amma bir neçə şirkət əlaqə nömrələrimizi götürüb. Yaxın zamanda əlaqə saxlayacaqlarını gözləyirik.
– Təxminən nə qədər maliyyə lazımdır?
– Futbolda pul nə qədər çox olsa, bir o qədər rahatdır. Amma Region Liqası səviyyəsində konkret rəqəm demək çətindir. Bir şeyi rahatlıqla deyə bilərəm ki, biz pulsuz-parasız bu işləri görmüşük və 1/4 finala qədər çıxmışıq. Uşaqlar öz tərini, qanını meydançaya töküblər. Mən də üzərimə düşən xərcləri qarşılamışam. Komandada heç bir futbolçu maaş almır. Maaş söhbəti yoxdur, sıfırdır.
– Ümumi xərcləriniz nədən ibarət olub?
– Yol xərcləri, stadionun icarəsi, formalar, gedib-gəlmə, qidalanma və digər xərclər var. Uşaqlarla birlikdə yol getmişik, bir yerdə yatmışıq, bir yerdə durmuşuq, bir yerdə çörək yemişik. Hətta keçən illərdə səfər oyunlarından birini uduzmuşduq. Mən uşaqların yol və yemək xərcləri üçün pul ayırmışdım. Amma uşaqlar qayıdanda yemək yemədilər. Dedilər ki, biz nəticə verməmişik, o çörək boğazımızdan keçməz. Bunu xüsusilə vurğulamaq istəyirəm. Çünki komandanın içərisində olan futbolçuların ruhunun hansı vəziyyətdə olduğunu göstərir.
– Oyunlarınızı harada keçirirsiniz?
– İlk başladığımız mövsümdə Lənkəran Olimpiya İdman Kompleksinin stadionunda keçirmişik. Bundan əvvəlki mövsümdə 1 oyunumuzu orada keçirdik, sonra Lənkəran şəhər stadionunda oynadıq. Ötən mövsümü də "Xəzər Lənkəran"ın stadionunda oynamışıq.
– Stadionun icarəsi üçün ödəniş edirsiniz?
– Bəli, icarə haqqı ödəyirik.
– Nə qədərdir?
– Bunu açıqlamaq istəmirəm. Stadion hazırda icarədədir, biz də icarəçiyə ödəniş edirik. Məbləği demək düzgün olmaz.
– Maliyyə dəstəyi olmasa, bu mövsüm fəaliyyətinizi dayandıracaqsınız?
– Bəli, bu gedişlə vəziyyət onu göstərir.
– Region Liqasında qeydiyyat üçün son tarix nə vaxtdır?
– Sentyabrın 17-si saat 12:00 son vaxtdır. Həmin vaxta qədər iştirak edib-etməyəcəyimizlə bağlı cavab verməliyik. Həmçinin qeyd edim ki, Azərbaycan Mini-Futbol Federasiyasının fəxri prezidenti Orxan Məmmədovla birgə cənub bölgəsində mini-futbol turniri keçirmişik. Yerli şirkətlərin dəstəyi ilə 16 komanda iştirak edib. Komandaların formalarından tutmuş bütün təşkilati məsələlərə qədər hər şeyi təşkil etmişik. "YouTube" və sosial şəbəkələrdə yayımlar olub, 2 hakim, həkim, təcili yardım, meydançada kameralar fəaliyyət göstərib. Yəni bunu yüksək səviyyədə həyata keçirmişik. Bundan əlavə, Lənkəranda futbolun qurulması üçün düşünürük. Məqsədimiz Lənkərana futbol gətirməkdir.
Bu yaxınlarda Lənkəranın Mamusta kəndində, daha sonra Şıxakəran kəndində şəhidlərin xatirəsinə böyük futbol turnirləri keçirilib. 11-11 formatında 16 komanda iştirak edib. Lənkəranda futbol davam edir. Bir istiqamətdə böyük futbol, digər tərəfdə mini-futbol turnirləri keçirilir. Astarada da həmçinin bu istiqamətdə tədbirlər həyata keçirilir. Demək olar ki, uşaq futbolu bizdə hazır vəziyyətdədir. Amma onun tam fəaliyyət göstərməsi üçün fundamental işlər görülməlidir.
Biz istəyirik ki, bu iş sistemli olsun. Komandamızın iki məşqçisi var. Buradan bir daha AFFA-ya təşəkkürümü bildirirəm. Uzun müddətdir ki, bölgədə məşqçilər üçün seminar və dəstək tədbirləri keçirilmirdi. Bu illər ərzində 15 nəfər UEFA-nın C kateqoriyasını alıb. Onlardan 2-si bizim komandadandır. Biri komandanın baş məşqçisidir, digəri isə kapitan və köməkçi məşqçi olub.
– Bu proseslərdə AFFA-nın dəstəyi oldu?
– Fəaliyyətimiz dövründə AFFA-ya müraciət etdiyimiz zaman "Lənkəran" FK-ya mənfi cavab eşitməmişik. Məsələn, hakimliklə bağlı müraciət etdiyimiz hallar olub. Komandanın "YouTube" kanalı var, oyunların videoları yüklənir. Müraciət etmişik və reaksiya verilib. Görüşlərimiz də olub. Region Liqası üçün düşünürəm ki, tək Lənkərandan söhbət getmir. Rayonlarda futbolun inkişafı üçün AFFA tərəfindən bu il daha böyük addım atıldı və dörddəbir finala gələn komandalara lisenziya verildi.
Bu, müsbət cəhətdir. Çünki biz 1 aydan artıq lisenziyalaşdırma prosesinə hazırlaşdıq, təcrübəmiz artdı, müəyyən məsələləri öyrəndik. Təlimçilərlə əlaqə saxlayırdıq, nə lazım idisə, köməklik göstərirdilər. Bu baxımdan AFFA-nın "Lənkəran" FK və ya digər klubun qarşısında maliyyə baxımından maneə yaratdığını görməmişik.
Əgər komanda sayı artmasaydı, Lənkərana futbol verilməsəydi, kimsə Lənkəranda klub yaratsaydı və ona etimad göstərilsəydi, biz ona “Allah xeyir versin” deməkdən başqa bir söz deməzdik. Əsas məsələ Lənkəranda futbolun olmasıdır. Biz istəyirik ki, divizionda Lənkəran futbolu olsun və bu, inkişaf etsin. 3 il sıfır maliyyə ilə komanda saxlamağın nə demək olduğunu futboldan anlayışı olan insanlar bilir. Lənkəranın böyük əhalisi var və uşaqlardan böyüklərə qədər futbol sevgisi mövcuddur. Bu qədər futbol sevən insanın olduğu Lənkəranda komandaya müəyyən qədər dəstək verə biləcək iş adamlarının olmasını istəyirik.
– Şəxsən Mübariz Mənsimova müraciət etmisiniz?
– İndiyə qədər ciddi şəkildə müraciət etməmişdik. Bu il, 2025/26-cı il mövsümündə ciddi danışıqlarımız olub. Mənim belə bir xarakterim var ki, düşünürəm, kimdənsə nəsə istəmək üçün onun qarşısına nəsə çıxarmalısan. Biz artıq komandanın tarixini formalaşdırmışıq. Bir günlük gəlməmişik. İnsan öz cibindən 1-2 dəfə pul xərcləyər. Futbolçu da 1-2 dəfə oyuna gələr. Amma 3-cü dəfə deyər ki, bəsdir. Bu artıq 3-cü ildir ki, davam edir. Bir neçə iş adamı ilə görüşmüşük, söhbətlərimiz olub. Mən şəxsən görüşmüşəm. Amma hələ müsbət cavab almamışıq.
– Əvvəl Region Liqasında mübarizə aparmış "Xan Lənkəran" rəhbəri Pərviz Hüseynovla münasibətləriniz necədir?
– Münasibətlərimiz yaxşıdır. Biz əslində qohumuq. Mən də Lənkəranın Mamusta kəndində doğulmuşam. Ayrıldığımız məsələ futbol mövzusu ilə bağlı olub. İndi onun öz işi var, mənim öz işim. Heç bir narahatlığımız yoxdur. Görüşürük, münasibətlərimiz normaldır. Sadəcə futbol mövzusu bizdə bağlıdır.
– "Xan Lənkəran"ın vaxtilə I Liqaya buraxılmaması ilə bağlı nə deyə bilərsiniz?
– Mən də o vaxt həmin klubda idim. O vaxt AFFA bizə I liqaya gəlməyə icazə vermədi. Pərviz də buna görə narazı idi. Həmin vaxt Region Liqasında 3 il iştirak etmək qaydası var idi. "Cəbrayıl" çempion olmuşdu.
– "Xan Lənkəran"ın Türkiyədə keçirdiyi təlim-məşq toplanışını kim maliyyələşdirmişdi?
– Pərviz özü bütün xərcləri öz üzərinə götürmüşdü. Türkiyəyə getdiklərini mətbuat vasitəsilə bilmişəm. Sonradan özləri ilə də görüşmüşük.
– Oyunlarınızda bilet satışı var idi?
– Oyunlarımızda bilet satışı olmayıb. Komandaya dəstək formasında olub. Verilən kağızların üzərində də “dəstək kampaniyası” yazılıb. Kimi gəlib öz dəstəyini göstərib, kimi 5 manat verib, kimi də heç nə vermədən oyuna baxıb. Tələbələr üçün qapılar açıq olub. Qazilər və şəhid ailələri üçün də giriş pulsuz olub. Əgər Region Liqasında iştirak etsək, artıq rəsmi qaydada bilet satışı təşkil olunacaq. Şəffaf formada bilet satışı olacaq.Hər oyuna minimum 2-3 min azarkeş gələcəyini düşünürəm. Hətta bundan da çox ola bilər.
Komanda formalaşandan sonra insanlar görəndə ki, burada iş görülür, maraq daha da artacaq. Mən klubu quranda vurğulamışdım ki, bu klub tək mənim deyil, hamınındır. Bu, bir platformadır. Kim gəlib dəstək olmaq istəyirsə, gəlsin. Kim yaxşı fikir verə bilərsə, gəlsin. Kim hansı işi görə bilərsə, gəlib görsün.
– "Xəzər Lənkəran"ın veteran futbolçuları ilə münasibətləriniz varmı?
– Zaur Ramazanovla, Alim Qurbanovla münasibətimiz var. Alim Qurbanovla daha çox görüşmüşəm. "Xəzər Lənkəran" stadionunda klub veteranları gələndə azarkeşləri sevindirdilər. Bundan əvvəl də onlarla görüşümüz olmuşdu. Oturub söhbət etmişdik ki, Lənkərana futbolun gəlməsi üçün addımlar atmaq lazımdır.
Sizə bir hadisəni danışım. 1 il bundan əvvəl Astaranın bir kəndində bir qız uşağını aşkar etmişdim. Gecə vaxtı ailəmlə gəzirdim, top səsi eşitdim. Yaxınlaşanda gördüm ki, bir qız futbol oynayır. Bacım onun valideynləri ilə danışdı. Mən də uşaqla söhbət etdim. "Futbol" sözünü eşidəndən sonra göz yaşları töküldü. Ona söz verdim ki, gələcəyəm. Getdim, uşağı tapdım. “Sabah” futbol klubunda Mehdi İbrahimova zəng etdim, danışdım. Sonra evlərinə, kəndlərinə getdim, babasını tapdım. Atası ABŞ-də yaşayırdı, onunla da əlaqə saxladım.
Sağ olsunlar, müsbət yanaşdılar. Bildirdilər ki, qızımızın getməsi burada qız futbolunun inkişafına təkan olacaq. Uşağı komandaya yerləşdirdilər. Mən “Sabah” klubuna da təşəkkürümü bildirirəm. Dedilər ki, uşağın nə xərci varsa, hamısını qarşılayacağıq. Biz bu yolda çox işlər görmüşük. Hər bir şeyimiz daha hazırdır. Mənim əsas müraciət etməyimin səbəbi də fundamental işlərin görülməsidir. Lənkəranda futbol sahəsində kifayət qədər insanlar var. Bu sahənin məktəbini oxuyub qurtaran, yüksək səviyyədə lisenziyaları olan, futbolçuluq mərhələsindən keçmiş insanlar var. Ətrafımızda futbolun içərisində olan kifayət qədər insanlar var. Amma ortada bir dəstək olmalıdır ki, biz qabağa gedə bilək.
Səbuhi Musa
