Türkiyəli mütəxəssis Bedri Meriçin Azərbaycan Basketbol Federasiyasında (ABF) U-14 və aşağı yaş qrupları üzrə oğlanlardan ibarət milli komandaların koordinatoru və baş məşqçisi vəzifəsinə təyinatı rəsmiləşib.
Prosport.Az xəbər verir ki, Azərbaycandakı fəaliyyətindən əvvəl mütəxəssis Türkiyə Basketbol Liqasında (TBL) köməkçi məşqçi, ölkəsinin II Liqasında (TB2L) isə baş məşqçi kimi çalışıb. O, həmçinin "TED Ankara Koleji" və "Atakule Spor Akademiyası"nda aşağı yaş qrupları ilə işləyib, komandaları ilə yerli yarışlarda və Türkiyə çempionatlarında uğurlar əldə edib.
Meriç yeni təyinatı ilə bağlı fikirlərini də bölüşüb: "Əsas məqsəd aşağı yaş qruplarında istedadlı basketbolçuları müəyyənləşdirmək, onların inkişafına şərait yaratmaq və gələcəkdə daha yuxarı yaş qrupları üzrə milli komandalarda çıxış etməyə hazırlamaqdır. Federasiya və digər yaş qrupları üzrə milli komandaların məşqçiləri ilə sıx əməkdaşlıq edərək Azərbaycan basketbolunun gələcəyinə xidmət edən uzunmüddətli inkişaf sistemi qurmaq istəyirik".
Qeyd edək ki, təcrübəli mütəxəssis son üç mövsümdə Azərbaycan Basketbol Liqasında baş məşqçi kimi fəaliyyət göstərib. O, 2023/2024 mövsümündə "Gəncə", növbəti 2 ildə isə "Şəki" klubuna rəhbərlik edib. Bedri Meriçin rəhbərliyi altında "Şəki" 2024/2025 mövsümündə Azərbaycan çempionatının bürünc medalını qazanıb. 2025/2026 mövsümündə isə klub tarixində ilk dəfə Azərbaycan Kubokunun yarımfinal mərhələsinə yüksəlib.
Qeyd edək ki, Bedri Meriçlə bağlı təyinat xəbərini ilk olaraq Prosport.Az yazıb.
