Azərbaycan şahmatçısı Nicat Abbasovun Bakıda təşkil olunan Dünya Kubokunda III yer uğrunda oyunda qarşılaşacağı rəqib müəyyənləşib.
Prosport.Az xəbər verir ki, 28 yaşlı qrossmeyster yarımfinalda Rameşbabu Praqqnanandaya (Hindistan) məğlub olan (2,5:3,5) Fabiano Karuana (ABŞ) ilə münasibətləri aydınlaşdıracaq. Hindistan təmsilçisi isə finalda norveçli Maqnus Karlsenlə qarşılaşacaq.
Qeyd edək ki, həlledici görüşlər avqustun 22-24-də baş tutacaq. Nicat Abbasov yarımfinalda beşqat dünya çempionu Maqnus Karlsenə 0,5:1,5 hesabı ilə uduzub.
Ancaq qadın şahmatçılar arasında Bakıda keçirilən Dünya Kubokunun qalibi müəyyənləşib. FIDE-nin bayrağı altında çıxış edən rusiyalı Aleksandra Qoryaçkina turnirin qalibi olub. O, finalda bolqarıstanlı Nurgül Səlimovanı 2,5:1,5 hesabı ilə məğlub edib. Ukraynalı Anna Muzıçuk isə III yeri tutub.
