Məlum olduğu kimi, yaxınlarda Polşada III Avropa Oyunları keçirildi. O yarışda media nümayəndəsi kimi iştirak edənlərdən biri də mən idim. Birincisi Bakıda, ikincisi Minskdə keçirilmiş bu yarışlarda media mənsubu kimi iştirak etdiyimdən, bu yarışda da qeydiyyatdan keçəndə bu ənənəni qoruyub saxlamaq məqsədi qoymuşdum. Həm də tək futboldan yox, idmanın digər sahələrindən yazan jurnalist Avropa Oyunları və Olimpiada kimi yarışlarda iştirak etməyəcəksə, bəs nə zaman təcrübə toplayacaq?
7 il sonra qayıtdığım Budapeşt bu dəfə istirahət yox, tranzit şəhər rolunda
Səfər təəssüratına sıra ilə başlayacağam. Əvvəlcə 3-4 gün əvvəl aldığım biletlə iyunun 29-u Macarıstanın paytaxtı Budapeştə yollandım. 2016-cı ildə 1 həftəlik istirahət üçün getdiyim gözəl şəhər bu dəfə mənim üçün tranzit yer idi. "FlixBus"la Krakufa gedəcəyim avtobus ən yaxşı halda 23:15-də çıxırdı. Mən isə təyyarədən təxminən saat 14:00-da düşmüşdüm. Bu səbəbdən də təxminən 9 saat şəhəri gəzmək imkanım vardı.
Şəhərin mərkəzinə gedib 7 il əvvəlki nostalgik anları yaşamaq qərarına gəlmişdim. Təyyarədə gördüyüm fitnes idmanı ilə məşğul olan, Göygöldən olan, Gəncədə bank sektorunda işləyən Fuad İbrahimli ilə tanışlığım isə şəhər mərkəzinə aparan avtobusa bilet alarkən oldu. Artıq avtobusda bildik ki, ikimiz də Budapeştə vaxt keçirmək üçün gəlmişik və hər ikimiz Krakufa gedirik. Özü də eyni avtobusda. Görünür, təsadüf deyilən şey yoxdur. O da şəkil çəkdirməyi sevən, mən də. Deməli, bir-birimizə bu məsələdə yardımçı olacaqdıq. Şəhərin mərkəzində ilk axtardığımız yer restoran və ya kafe idi. Çünki Macarıstana məxsus olan "WizzAir"də yemək xidmətindən yararlanmamışdıq. Macarıstanda əvvəl onların yerli supu qulyaş yediyimdən, mənim məsləhətimlə elə bu yeməyin dadına baxdıq. Deyəsən, Fuad da seçimdən məmnun qaldı.
Əhalisinə görə Avropa Birliyinin 9-cu, Dunay (uzunluğuna görə Volqadan sonra Avropada 2-ci olan bu çay müxtəlif dillərdə fərqli oxunur, məsələn, ingilislər Danyub, macarlar Duna, slavyanlar Dunay adlandırır) çayının keçdiyi 2-ci böyük şəhər olan Budapeştin sahil boyu yerləşən mərkəzi yerlərini bu müddətdə gəzmək imkanı əldə etdik. Vədə yetişdi, artıq Polşaya getmək zamanıdır. Budapeşt avtovağzalında Krakufda tələbə olan daha bir azərbaycanlı ilə tanış olduq. Qismətdən 3-ümüzün də yeri yan-yana idi. 6 saatlıq yol bizi gözləyirdi. Məyusedici fakt o idi ki, Mərkəzi Avropanın əsas nəqliyyat şirkətlərindən birinə məxsus olan avtobusda internet işləmirdi. Deməli, nə etməli idik? Yatmalı idik. Onsuz da gecə vaxtı görməli yerləri görmək imkanımız var deyildi. Slovakiyanın Zvolen, Banska Bıstritsa, Rujomberok, Dolni Kubin və Polşanın Mışlenitse şəhərləri tranzit kimi keçəcəyimiz yerlər idi.
2 sinif yoldaşının uzun müddətdən sonar Polşanın kiçik şəhərində bir-birini tapması
Təxminən saat 06:00-da artıq Krakuf avtovağzalında idik. Tələbə dostumuz, Fuad (o, Krakufda qaldıqdan sonra Polşadakı dostu ilə Barselonaya gedib, Roma ilə Bakıya qayıtmalı idi) və mən ordaca sağollaşdıq və hərə Krakufda öz missiyasının dalınca getdi. Qalacağım yeri tapmaq heç də çətin olmadı. Əvvəldən yüklədiyim offline xəritə vasitəsilə 20 dəqiqəlik gəzinti ilə gəlib məkana yetişdim. Əslində avtobusdan da istifadə etmək olardı. Ancaq cibimdə hələ ki Polşa valyutası olan zlot olmadığından, avtobusa minməkdən vaz keçib, şəhəri piyada gəzməklə yetindim.
Ancaq "çek-in" üçün tez gəlmişdim. Bu səbəbdən də otağıma girməyib, yalnız əşyalarımı qoymaqla kifayətləndim. İndi məqsəd akkreditasiya kartımı əldə etmək idi. Çünki həmin gün (30 iyun) səhər kikboksinq yarışları mənim avtobusla keçdiyim Mışlenitse şəhərində başlayırdı və akkreditasiya vəsiqəsiz yarışlara girmək qeyri-mümkün idi. Visva (ingilislərin Vistyula, rusların Visla adlandırdığı çay polyaklar tərəfindən məhz belə adlandırılır) çayının digər sahilində yerləşən Krakuf Konqres Mərkəzində akkreditasiya verilirdi. Ancaq ora da saat 08:00-da açılırdı. Bu səbəbdən də məndən öncə Polşaya ezam olunmuş bizim media mənsublarının məskunlaşdığı Q Hoteldə gözləməli idim. Hər iki məkan yan-yana yerləşirdi.
Vədə yetişdi, akkreditasiyamı aldım və əvvəldən Bakıda danışdığım, Varşavadan gəlmiş “Xarı bulbul” ictimai birliyinin rəhbəri Sədat Şamillinin avtomobili ilə təxminən 40 dəqiqəlik məsafədə yerləşən Mışlenitse şəhərinə gəlib çatdıq (taksi ilə Krakufdan ora gediş 120 zlotdur, təxminən 50 manat. 2-ci gün bu üsuldan yararlandım). Buna görə bu gəncə təşəkkür edirəm, Polşadakı missiyasında uğurlar arzu edirəm…
Düzdür, daha əvvəl muay-tay, indi isə kikboksinq yarışlarının keçirildiyi arenanı tapmaq çətin oldu. Çünki naviqator bizi əvvəlcə bir maşının keçə bildiyi təpəlik ərazilərə kimi aparıb çıxardı. Ancaq tezliklə başa düşdük ki, belə bir yerdə arenanın olması qeyri-mümkündür. Qeyd etdiyim kimi, heç bir şey təsadüfi deyil. Biz həm o yol azmağı ilə gözəllikləri, tikilən möhtəşəm villaları görmüş olduq, həm də… Həm də məlum oldu ki, Sədat Şamilli ilə Azərbaycan Kikboksinq Federasiyasının baş katibi İlkin Məsimzadə Şəkidə sinif yoldaşı olublar. Bu səbəbdən Sədat Şamilli Krakufa qayıtmağa tələsmədi və sinif yoldaşı ilə bir masa ətrafında dərdləşmək imkanından yararlandı. Bizim kikboksçumuz Fərid Ağamoğlanov isə həmin gün qələbəsi ilə bizi sevindirib, yarımfinala vəsiqə qazandı…
Mışlenitseni Fəridin sayəsində qızıl medalla tərk etsək də, bu kiçik şəhərdən ayrılıq mənim üçün heç də yaxşı notda bitmədi. Çünki təşkilat komitəsindən media üçün verilmiş, içərisində su qabı və şəxsi jaketim olan bel çantasını orda qoydum və onu sonradan tapmaq mümkün olmadı. Bu, 2019-cu ildə Minskdə keçirilmiş II Avropa Oyunları zamanı təşkilatçılar tərəfindən verilmiş poverbankı idman arenasında qoymağımı mənə xatırlatdı…
Bərbad təşkilatçılıq
Kikboksinq yarışlarının keçirildiyi gün onu da müəyyənləşdirdim ki, Mışlenitse şəhərində qalmaq üçün düz-əməlli yer olmadığından, bütün idmançılar internat məktəbində məskunlaşıb. Biabırçılıqdır, deyilmi? Sizcə, təşkilatçılıqda qüsurlar bununla kifayətlənirdimi? Yox, təbii ki.
Əslində təşkilatçılığın bərbad olacağı hələ Oyunlar Krakuf (Kraków – məhz belə oxunur) şəhərinə salınandan az sonra həmin şəhərin meri Yatsek Mayxrovski maliyyə məsələsindən gileylənib, yarışın baş tutmayacağını bildirəndə bəlli idi. Sonradan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə jurnalistlərə bunun merin müxalifət partiyasından olması ilə əlaqələndirmişdi (əslində Mayxrovskinin 2002-ci ildən heç bir partiyaya mənsubiyyəti yoxdur). Bu, tanış mənzərədir. Eyni hadisələr V İslam Həmrəyliyi Oyunları zamanı CHP nümayəndəsi Əkrəm İmamoğlunun bələdiyyə sədri olduğu İstanbuldan Konyaya köçürülərkən baş vermişdi. Ancaq Polşa hökuməti sonda merlə razılığa gələrək yarışın bütün Mavopolska (Małopolska – vallah, bu da belə oxunur), yəni Kiçik Polşa regionunun üzərinə düşəcəyini bildirməklə Krakufun üzərindən ağır yükü götürmüşdü (təşkilatçılıq üçün 100 milyon zlotu əyalət rəhbərliyi və Krakuf meriyası, 200 milyon zlotu isə Polşa hökuməti ödəyib). Elə bununla da bərbad təşkilatçılığın əsası qoyulmuşdu. Hələ ötən ay yarış başlamazdan əvvəl yazdığımız məqalədə Sileziya regionunda yerləşən Byelsko-Byava, Xojuf, Vrotsvaf şəhərlərinin və Subkarpatya regionundakı Jeşuf şəhərinin Mavopolska bölgəsinə aid olmadığını bildirmişdik. Deməli, hələ azı bu şəhərlərə getmək üçün 4-5 saat lazım idi.
14 idman növündə çıxış edən 100 atletimiz yarışların keçirildiyi 13 şəhərdən 8-də ola bildi. Media mənsubları Krakufdan kənarda yerləşən idman arenalarına getmək üçün xeyli əziyyət çəkdi. Çünki atletika, badminton, çimərlik futbolu, boks, cüdo, karate, muay-tay, kikboksinq, atıcılıq və taekvondo yarışları fərqli şəhərlərdə keçirilirdi. Və heç bir yarış üçün demək olar ki, şatl avtobuslar təşkil olunmamışdı. Azərbaycanda keçirilən Avropa Oyunları zamanı Mingəçevirdəki avarçəkmə yarışları zamanı təşkilatçılar tərəfindən media üçün iri avtobusların təşkili heç unudulmayıb. Ümumiyyətlə, Polşadakı təşkilatçılıq nəinki Azərbaycan, Belarusda keçirilən yarışdan da çox geridə qalırdı.
Hələ Bakıda olarkən, təşkilatçılardan gələn e-maillərdən hər şey aydın olurdu. Əvvəlcə bildirilirdi ki, media üçün daha yaxşı yerlər pullu olacaq. Bu, katastrofa idi və həmkarlarla bu ana xeyli gülmüşdük. İyunun 18-də gələn məktubda Xojufdakı Sileziya stadionunda baş tutmalı mətbuat konfransının ləğv olunduğu bildirilir, iyunun 21-dəki e-maildə isə padel yarışı ilə saytda xəta olduğuna görə üzrxahlıq edilirdi. Bu isə onu göstərir ki, Polşa bu 12 günlük yarışa hazır deyildi. Şəhərin yollarında da yarış haqda məlumata rast gəlmək mümkünsüz idi. Məndən öncə orada olan həmkarlar bu təşkilatsızlıqdan gileylənirdi, ancaq gedib öz gözümlə də gördüm ki, həqiqətən təşkilatçılıq bərbaddır.
Nəticələr haqda
11 medalla əyar baxımından 24-cü olduq, say baxımından isə 26-cı. Nəticələr barədə haqda artıq çox yazılıb, müzakirə aparılıb. Təbii ki, həmkarların dedikləri ilə razıyam. Güləş, sambo və cüdo yarışları (ilk 2 idman növü polşalılar tərəfindən bu idman növlərində hegemon olan Rusiyaya görə proqramdan çıxarılmışdı, onda hələ Rusiya Ukraynaya müharibə elan etməmişdi) olsaydı, medallarımızın sayı bundan çox olacaqdı. Ancaq bu, zəif nəticəyə heç cür bəraət qazandıra bilməz. Məsələn, taekvondo və boksda qızıl medalın olmaması, qılıncoynatma və atıcılıqda medalsızlıq təhlil olunmalıdır. 22-25 iyulda Milandakı dünya çempionatında qılıncoynadanların hansı performansı ortaya qoyacağı da maraqlıdır. Bu yarışda qazanılan 3 qızıl medal onu göstərdi ki, məhz ölkəmizdə Olimpiya və qeyri-Olimpiya idman növü kimi yanlış fərq aradan qaldırılmalıdır. Çünki 11 medaldan 7-si (3 karate, 3 muay-tay, 1 kikboksinq) məhz qeyri-Olimpiya idman növlərinin aktivinə yazıldı. İndi nazirlik və federasiyalar mümkün uğursuzluğun qarşısını almaq üçün lazımi tədbirlər görməlidir. Qarşıda bizi dördilliyin möhtəşəm yarışı olan Paris Olimpiadası gözləyir.
Səbuhi Musa
P.S. Səfər xərclərimin bir hissəsinin təşkilinə görə Azərbaycan Kikboksinq Federasiyasına, şəxsən qurumun prezidenti Orxan Əliyevə, həmçinin çarter reysi ilə Bakıya qayıtmağıma şərait yaratdıqları üçün Gənclər və İdman Nazirliyinin rəsmilərinə təşəkkür edirəm.