Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Akademiya
    U-20 dünya çempionatı haqda bilmədiklərimiz – Sərxan Hacıyevdən REAKSİYA
    11.07.2026 20:05:18

    "Mümkün gəlir mənbələri sırasında sponsorluq müqavilələrindən əldə olunan vəsaitlər, bilet satışından daxilolmalar və digər kommersiya gəlirləri qeyd oluna bilər. Lakin hesab edirəm ki, Azərbaycan üçün ən böyük “gəlir”, daha düzgün ifadə etsək, ən böyük qazanc maliyyə göstəricilərindən daha geniş məna daşıyır".

    Bu sözləri Prosport.Az saytına AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev Azərbaycanın da ev sahibi olacağı 20 yaşadək futbolçular (U-20) arasında keçiriləcək dünya çempionatı barədə danışarkən deyib. Lakin Sərxan bəyin fikirlərinə daha sonra yer verəcəyik. İndi isə bir qədər əvvələ qayıdaq...

    Təxminən 9 ay əvvəl Azərbaycan futbol ictimaiyyəti yeni xoş xəbərə şahidlik etdi. U-20 dünya çempionatı (DÇ) Özbəkistanla yanaşı Azərbaycanda keçiriləcək. Belə ki, FIFA-nın İcraiyyə Komitəsinin 2025-ci il 2 oktyabr tarixində keçirilmiş iclasında bu DÇ-yə Azərbaycan və Özbəkistanın birgə ev sahibliyi edəcəyi açıqlandı. 

    İlklə yadda qalacaq, yubiley olacaq U-20 DÇ necə Bakıya verildi?

    AVRO-2020 1960-cı ildən keçirilən AÇ-lərin 60 illik yubileyi məqsədilə 12 ölkəyə salınmışdı. U-20 dünya çempionatı da 1977-ci ildən keçirilən DÇ-lərin (Tunisdə keçirilmiş ilk yarışın qalibi SSRİ olub) 50 illiyinə təsadüf edəcək. Bu, 25-ci U-20 DÇ-si olacaq.

    Ümumiyyətlə, bu turnir 2 ildən bir keçirilir. Sonuncu dəfə ötən il Çilidə baş tutub. Orada Mərakeş millisi bu dünya çempionatının hamıdan çox – 6 dəfə qalibi olmuş Argentinanı 2:0 yenərək tarixində ilk dəfə kuboku qazanıb.

    Bu yarış üçün Azərbaycan və Özbəkistan birgə ev sahibliyi irəli sürmüşdü. Dil, din, mədəniyyət, siyasi yaxınlıq ölkə rəhbərliyi səviyyəsində birgə namizədliyi gətirib çıxaran əsas şərtlərdən biri idi. Digər namizədlərdən İndoneziya və Sinqapur da müştərək şəkildə ev sahibliyinə iddia edirdi. Peru isə müstəqil ev sahibi olmaq istəyirdi. Lakin ötən ilin oktyabrın 2-də İsveçrənin Sürix şəhərində qərar bizim xeyrimizə çıxarıldı. Azərbaycanın Avropada yerləşməsi, eləcə də təşkilatçılıq bacarığı, Özbəkistanın böyüklərin mundialına vəsiqə qazanması, ümumiyyətlə bu ölkədə son illər idmanın səviyyəsinin qalxması və idman infrastrukturunun mükəmməlləşdirilməsi heç şübhəsiz ki verilən qərara təsir edəcək əsas amillərdən idi.

    Yeri gəlmişkən, U-20 DÇ-lərinin 50 illiyi də ilklə yadda qalacaq. İlk dəfə U-20 DÇ-si şərikli baş tutacaq. Bu DÇ kişilərdə 2 fərqli konfederasiya üzvünün (UEFA və Asiya Futbol Konfederasiyası) ev sahibliyi etdiyi ilk FIFA turniri kimi də tarixə düşəcək. Bunadək yalnız qadınlarda 2023-cü ildə Avstraliya (bu ölkənin futbol federasiyası 2006-cı ildən Asiya Futbol Konfederasiyasının üzvüdür) və Yeni Zelandiya birgə ev sahibliyi edib. Bundan sonra 2030-cu ildə Mərakeş (Afrika Futbol Konfederasiyası), Portuqaliya (UEFA) və İspaniya (UEFA) fərqli konfederasiya üzvləri kimi böyüklərin mundialında ev sahibi olacaq.

    Onu da bildirək ki, U-20 DÇ tək 2027-də yox, 2029-cu ildə də Qafqaz regionunda baş tutacaq. Belə ki, FIFA apreldə 3 il sonra Ermənistan və Gürcüstanın birgə ev sahibliyini elan edib.

    Çempionatın formatı necə olacaq, biz neçə oyuna ev sahibliyi edəcəyik?

    Əvvəla, onu bildirək ki, artıq bu DÇ-də 6 komandanın iştirakı dəqiqləşib. Bunlar 2 meydan sahibindən başqa, Almaniya, İspaniya, Ukrayna və Xorvatiya milliləridir. Son 4 komanda hazırda Uelsdə keçirilən U-19 Avropa çempionatının yarımfinalına çıxdığı üçün bura vəsiqə qazanıb.

    DÇ 24 komandanın iştirakı ilə keçiriləcək. Asiyadan (AFC) daha 4 komanda bu mundiala vəsiqə qazanmalıdır. Həmçinin, Afrikadan (CAF) 4, Şimali, Mərkəzi Amerika və Karib hövzəsindən (CONCACAF) 4, Cənubi Amerikadan (CONMEBOL) 4 və Okeaniyadan (OFC) 1 komanda iştirak hüququ əldə etməlidir. Eləcə də Asiya, Cənubi Amerika, Okeaniya və Avropadan 1 komandanın iştirakı ilə keçiriləcək pley-off turnirinin qalibi son lisenziyanı qazanacaq. Avropadan pley-offda oynayacaq komandanın artıq Danimarka olduğu bəllidir. Onlar iyulun 8-də U-19 Avropa çempionatının qrup 3-cüləri arasında İtaliya ilə əlavə görüş keçirib və penaltilərdə (5:4) qalib gələrək pley-offda mübarizə aparmaq şansı əldə ediblər.

    İştirakçıların sayı bilindikdən sonra püşk əsasında komandalar 6 qrupa bölünəcək. Bu turnir ötənilkindən format baxımından fərqlənməyəcək. Qrupda ilk 2 yeri tutan 12 komanda və 3-cü yerdə qərarlaşan 4 ən yaxşı göstəriciyə malik milli 1/8 finala vəsiqə qazanacaq.

    Gözlənilir ki, meydan sahiblərinin hər biri finaladək bərabər sayda – 25 matç keçirsin. Belə ki, istər Azərbaycan, istərsə də Özbəkistan 18 qrup, 4 1/8 final, 2 1/4 final və 1 yarımfinal matçına ev sahibliyi edəcək. Hələ final oyununun hansı ölkədə keçirilməsi müəyyənləşməyib.
      
    Meydan sahiblərindən Özbəkistan 2003-cü ildən bəri 6-cı dəfə U-20 DÇ-sində iştirak edəcək. Özbəklər 2013 və 2015-ci ildə 1/4 final oynayıb. Biz isə debüt edəcəyik.

    Turnir başa çatdıqdan sonra "Qızıl Top" (ən yaxşı oyunçu üçün), "Qızıl Buts" (ən yaxşı qol vuran üçün), "Qızıl Əlcək" (ən yaxşı qapıçı üçün) və FIFA Ədalətli Oyun Kuboku kimi xüsusi mükafatlar da burada verilir.

    İndiyə qədər "Turnirin Ən Yaxşı Oyunçusu" mükafatının qalibləri arasında Dieqo Maradona (1979), Robert Prosineçki (1987), Seydu Keyta (1999), Xavyer Saviola (2001), Lionel Messi (2005), Serxio Aquero (2007), Pol Poqba (2013), Adama Traore (2015) və Dominik Solanke (2017) kimi məşhurlar olub.

    Oyunlar Azərbaycanda hansı şəhərdə keçiriləcək?

    Hələ dekabrın 15-də Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılmış Təşkilat Komitəsinə baş nazirin müavini Samir Şərifov sədr təyin olunub. Həmçinin, Təşkilat Komitəsinə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev və Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov da daxil edilib.

    Rəsmi açıqlanmasa da, buradan belə aydın olur ki, Azərbaycandakı oyunlar Bakıda (BOS, Tofiq Bəhramov adına Respublika stadionu), Xankəndi, Gəncə, Qəbələ şəhər stadionları və Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.

    AFFA-da bu dünya çempionatına məsul olan şəxslərdən biri icraçı vitse-prezident Sərxan Hacıyevdir. Onun bu barədə fikirlərini öyrəndik. Cavabından belə aydın oldu ki, hələ ki dəqiqləşən yeganə şəhər Bakıdır:

    "Hazırkı mərhələdə turnirə ev sahibliyi edəcək şəhərlərlə bağlı yalnız onu dəqiq təsdiqləyə bilərik ki, Bakı dünya çempionatının oyunlarını qəbul edəcək şəhərlərdən biri olacaq. Digər ev sahibi şəhərlər və matçların coğrafi bölgüsü ilə bağlı məlumatlar müvafiq razılaşdırma və təsdiq prosesləri başa çatdıqdan sonra ictimaiyyətə təqdim ediləcək.

    FIFA nümayəndələri tərəfindən stadionların böyük bir hissəsinə baxış keçirilib. Hazırkı mərhələdə bu prosesin detalları ilə bağlı əlavə məlumat verməyimiz məqsədəuyğun deyil".

    O bildirib ki, açılış və final matçlarının harada keçirilməsi ilə bağlı da yekun qərar verilməyib: "Açılış və final matçlarının keçirilməsi ilə bağlı hazırda FIFA və Özbəkistan Futbol Assosiasiyasından olan həmkarlarımızlarla müzakirələr davam edir. Turnirin dəqiq təqvimi, eləcə də açılış və final qarşılaşmalarının keçiriləcəyi məkanlar bütün razılaşdırma prosesləri yekunlaşdıqdan sonra rəsmi şəkildə təsdiqlənəcək və ictimaiyyətə açıqlanacaq".

    Ruy Jorjdan gözləntilər nələrdir?

    Bu ilin martında U-20 millimizə tanınmış portuqaliyalı futbol veteranı Ruy Jorj baş məşqçi təyin olundu. Ona həmyerliləri – Romeu Almeyda, Aleşandr Silva, eləcə də Vaqif Cavadov və qapıçılar üzrə məşqçi Üzeyr İbrahimov kömək edir. 

    Komanda artıq 2 dəfə təlim-məşq toplanışında olub. 13-26 apreldə 24 futbolçu ilə Qəbələdə toplanış təşkil olunub. 25 may-10 iyun tarixlərində yenə 24 futbolçu ilə Qəbələdə toplanış baş tutub. Bu dəfə iyunun 9-da U-20 millimiz ilk oyununu keçirib. Yoxlama matçında Pakistan millisi "Qarabağ"ın futbolçusu Hikmət Cəbrayılzadənin 32-ci dəqiqədə vurduğu qolla məğlub edilib.

    Bəs niyə bu müddətdə cəmi 1 oyun keçirilib? Sərxan Hacıyevi dinləyək:

    "Qeyd etdiyiniz kimi, U-20 milli komandamız ilk beynəlxalq yoldaşlıq oyununu qardaş Pakistanın müvafiq yaş qrupundan ibarət yığmasına qarşı keçirdi. Qarşılaşma 1:0 hesabı ilə komandamızın xeyrinə başa çatdı. Bununla belə, hazırlıq mərhələsinin indiki fazasında əsas göstərici yalnız nəticə deyil. Hazırda bizim üçün futbolçuların məşqçilər heyətinin tapşırıqlarını meydanda düzgün icra etməsi, taktiki və oyun prinsiplərini mənimsəməsi xüsusi əhəmiyyət daşıyır.

    Keçirilən oyunların sayı və hazırlıq proqramının strukturu tam şəkildə baş məşqçi və məşqçilər heyətinin səlahiyyətinə aiddir. Növbəti təlim-məşq toplanışlarında da beynəlxalq yoldaşlıq görüşlərinin keçirilməsi nəzərdə tutulur. Məşqçilər heyətinin müraciətinə əsasən, demək olar ki, bütün konfederasiyaları təmsil edən milli komandalarla mümkün oyunların təşkili istiqamətində danışıqlar və araşdırmalar aparılır".

    U-20 millisi üçün qarşıya qoyulan məqsəd hansılardır?

    Azərbaycanda "Leon", "Qarabağ", "Neftçi" akademiyalarında futbolun sirlərinə yiyələnmiş, hazırda "Sampdoriya" U-19-da çıxış 17 yaşlı italyan hücumçu Lorentso Metsotero və Mingəçevirdə doğulmuş, Belçika "Sent-Trüyden"ində çıxış edən 18 yaşlı Qvineya əsilli yarımmüdafiəçi Mustafa Kamara (eks "Qəbələ"li Abdul Kader Kamaranın oğlu) hələ U-21 millimizə cəlb olunur. Ancaq heç kimə sirr deyil ki, onların milliyə cəlb olunması daha çox U-20 üçün nəzərdə tutulub.

    Ruy Jorjun da təyinatından belə aydın olur ki, mundialda məqsəd tək iştirak olmayacaq. Sərxan Hacıyevdən baş məşqçidən gözləntilər və yerli məşqçi təyinatlarına münasibət də öyrənmişik. Dinləyək:

    "Baş məşqçi qarşısında qoyulan əsas vəzifə yaxşı təşkil olunmuş, məzmunlu futbol nümayiş etdirən və hər bir qarşılaşmada qələbə uğrunda sona qədər mübarizə aparan komanda formalaşdırmaqdır. İstəyirik ki, milli komandamız turnirdə sadəcə iştirakçı rolunda çıxış etməsin. Məqsədimiz meydanda layiqli mübarizə aparan, öz oyun üslubu ilə seçilən və çempionatda müsbət iz buraxan bir komanda görməkdir.

    Vaqif Cavadov UEFA A kateqoriyalı və UEFA Pro kateqoriyalı kurslarında iştirak etmiş (imtahan nəticələri açıqlanmayıb) məşqçidir və yeniyetmə futbolu üzrə müvafiq iş təcrübəsinə malikdir. O, qarşıdakı turnirdə iştirak edəcək yaş kateqoriyasının xüsusiyyətlərini və inkişaf dinamikasını yaxşı bilir. Üzeyr İbrahimov isə UEFA A kateqoriyasına malik qapıçılar üzrə məşqçidir və uzun müddət Azərbaycanın müxtəlif yaş qruplarından ibarət milli komandalarında iş təcrübəsi qazanıb. Məhz bu peşəkar təcrübə, yaş qrupuna uyğun bilik və praktiki hazırlıq nəzərə alınaraq, seçim həmin istiqamətdə davam etdirilib".

    Sonda Sərxan Hacıyevdən bu dünya çempionatından AFFA-nın gəlirləri və xərcləri barədə də fikrini öyrəndik:

    "Mümkün gəlir mənbələri sırasında sponsorluq müqavilələrindən əldə olunan vəsaitlər, bilet satışından daxilolmalar və digər kommersiya gəlirləri qeyd oluna bilər. Lakin hesab edirəm ki, Azərbaycan üçün ən böyük “gəlir”, daha düzgün ifadə etsək, ən böyük qazanc maliyyə göstəricilərindən daha geniş məna daşıyır.

    1-cisi, bu miqyaslı qlobal futbol tədbiri müddətində dünya idman ictimaiyyətinin və ümumilikdə beynəlxalq ictimaiyyətin diqqəti ölkəmizə yönələcək. 2-cisi isə, Azərbaycan Respublikasının beynəlxalq və qlobal müstəvidə onsuz da yüksək səviyyədə formalaşmış müsbət imicinin daha da möhkəmlənməsi üçün əlavə imkan yaranacaq.

    Xərclərə gəldikdə isə, ilk növbədə turnirlə bağlı infrastrukturun təkmilləşdirilməsi, çempionata hazırlıq çərçivəsində müxtəlif tədbirlərin təşkili və digər əməliyyat istiqamətləri üzrə xərcləri qeyd etmək olar".

    Keçmişə nəzərən yığılan təcrübə nə deyir?

    Azərbaycan daha əvvəl – 2012-ci ildə (22 sentyabr-13 oktyabr) U-17 qızlar arasında dünya çempionatı, bundan 4 il sonra (2016-cı ilin 5-21 mayı) U-17 oğlanlar arasında Avropa çempionatına ev sahibliyi etmişdi. Həmçinin, 2021-ci ildə AVRO-2020-nin 4 oyununa qucaq açmışıq. Qısaca, keçmişdə yığılan təcrübəyə boylanaq.

    U-17 qızların dünya çempionatı 4 qrup şəklində 16 komandanın iştirakı ilə keçirilmişdi. Sonda qalib Şimali Koreyanı (KXDR) finalda məğlub edən Fransa millisi olmuşdu. 1:1 başa çatan oyunda qalibi penaltilər (7:6) müəyyən etmişdi. 6 arenamızdan – Tofiq Bəhramov adına Respublika stadionu, Lənkəran şəhər stadionu, 8-ci km qəsəbə stadionu (indiki "Palms Sports Arena"), "Şəfa" stadionu (indiki "Baku Arena"), "Dalğa Arena" (indiki "Liv Bona Dea Arena") və Bayıl Arenadan (keçmiş "ASCO Arena") istifadə edilmişdi. Azərbaycandan Ülviyyə Mustafayeva və Maya Nəbiyeva köməkçi hakim qismində iş başında olmuşdu.

    10 il əvvəl keçirilmiş U-17 oğlanların Avropa çempionatı (AÇ) da 4 qrup və hər qrupda 4 komanda olmaqla təşkil olunmuşdu. Qızlarımızdan fərqli olaraq, oğlan millimizin AÇ-də debütü uğurlu alınmışdı. Komandamız sonda Avropa çempionu olacaq Portuqaliyaya böyük hesabla uduzduqdan (0:4) sonra Belçika ilə heç-heçə (1:1) etmiş, Şotlandiyanı isə 1:0 məğlub etmişdi. Yığmamıza 3 xalı qazandıran qola yaxınlarda "İmişli"yə transfer olunmuş Fərid Nəbiyev imza atmışdı. Bununla belə, 4 xalla komandamız qrup 3-cüsü olduğundan, 1/4 finala vəsiqə qazana bilməmişdi. Qalib burada da 1:1 başa çatan oyunun sonunda penaltilər nəticəsində (5:4) müəyyən olmuşdu. Portuqaliya millisi qonşu İspaniyadan daha dəqiq oynamışdı.

    Haşiyə çıxaraq qeyd edək ki, "Arsenal"ın futbolçusu Riss Nelson İngiltərə, hazırda millimizin üzvü olan Renat Dadaşov Almaniya, cari mundialda Mərakeş millisindən oynayan Braim Dias İspaniya millisi ilə bu turnirdə 3 qol vurmuşdu. Həmçinin, zədəyə görə mundialdan kənarda qalmış Kristof Baumqartner (Avstriya), DÇ iştirakçılarından Dioqu Dalo (Portuqaliya) 2, Romano Şmid (Avstriya), Kay Haverts (Almaniya), Tahit Çonq (indi Kurasao, onda Niderlandı təmsil edirdi) 1 qolla yadda qalmışdı. "Mançester Yunayted"in futbolçusu Meyson Maunt (İngiltərə) da Bakıda 1 qol vura bilmişdi. Portuqaliya millisinin hazırkı qapıçısı Dioqu Koşta, əməliyyat olunduğu üçün Niderland yığmasından kənarda qalmış müdafiəçi Mateys de Lixt, eləcə də Dioqu Dalo, Kay Haverts, Braim Dias, Riss Nelson, Tahit Çonq və "Liverpul"un mərhum portuqaliyalı hücumçusu Jota öz mövqeləri üzrə turnirin rəmzi komandasına seçilmişdi.

    AÇ olduğundan, yarışlar cəmi 4 arenada – Bakı Olimpiya Stadionu (BOS), "Azersun Arena", "Bakcell Arena" (indiki "Palms Sports Arena") və "Dalğa Arena"da (indiki "Liv Bona Dea Arena") keçirilmişdi. 28 yaşlı Əliyar Ağayev onda 4-cü hakim kimi fəaliyyət göstərmişdi.

    Azərbaycan 2019-cu il mayın 29-da UEFA-nın 2-ci dərəcəli klub yarışı olan Avropa Liqasının finalında London klublarının qarşılaşmasına da ev sahibliyi edib. BOS-da "Çelsi" "Arsenal"ı 4:1 məğlub etmişdi. Post-pandemiya dönəmində isə koronavirusa görə təxirə salınmış 12 ölkənin ev sahibliyi (sonradan İrlandiya çıxarıldı) ilə təşkil olunan AVRO-2020-nin 4 matçı Bakıda baş tutub. A qrupunun 3 oyunu – Uels – İsveçrə (1:1), Türkiyə – Uels (0:2), İsveçrə – Türkiyə (3:1) matçları və eləcə də 1/4 finalın Çexiya – Danimarka (1:2) görüşü BOS-da keçirilib.

    Konkretləşdirsək, Azərbaycanın təşkilatçılıq baxımından təcrübəsi zəngindir. Hətta bu il ilk dəfə keçiriləcək U-15 dünya çempionatı və festivalının (22-31 oktyabr) da ötən ayın sonlarında verilən qərarla Bakıya həvalə olunması bunun bariz sübutudur.

    U-20 dünya çempionatında iştirak edən azərbaycanlılar kimlər olub?

    İndiyədək Azərbaycandan U-20 dünya çempionatında 2 nəfər iştirak edib. Bunlardan biri İqor Ponomaryovdur. O, 2-ci dəfə keçirilən Yaponiyadakı 1979-cu il gənclərin dünya çempionatında (2007-ci ilədək U-20 DÇ belə adlanırdı) 4 qola imza atıb. Qrupda Macarıstana (5:1 qalib gəldikləri matçda SSRİ-nin ilk qolunu vurub), 1/4 finalda Paraqvaya (hesabı 2:2 edib penaltilərə aparıb, orada penaltini vura bilməsə də, SSRİ qalib gəlib), yarımfinalda Polşaya (matçda yeganə qola imza atıb) və finalda Dieqo Maradonalı Argentinaya (hesabı açsa da, argentinalılar sonda 3:1 qalib gəlib) qol vurub.  

    Digər belə bir futbolçumuz Arif Əsədovdur. 1987-ci ildə Kanadada U-17-lər arasında dünya və 1988-ci ildə keçmiş Çexoslovakiyada U-19-lar arasında Avropa çempionu olmuş Arif Əsədov 1989-cu ildə gənclərin dünya çempionatında da SSRİ yığmasının heyətində olub.

    Arif Əsədov o anları belə xatırlayır: "Yarış Səudiyyə Ərəbistanında keçirilirdi. Qrupda Suriyanı 3:1, Kosta-Rikanı 1:0 və Kolumbiyanı 3:1 məğlub etdik. Qrup oyunlarında mən də oynamışdım. Bizim bu heyət çox güclü idi. Bu yaş qrupu əvvəl dünya və Avropa çempionu olmuşdu. Ancaq 1/4 finalda Nigeriyaya 4:0 qalib gəldiyimiz matçda 4 top buraxıb, penaltilərə getdik. Həmin matçda mən ehtiyatda idim. Sona 6 dəqiqə qalmış bərabərlik qolunu vurdular. Penaltilərdə də Mircalol Qosimov dəqiq oynamadı və nəticədə 3:5 uduzduq. Sonda isə bizim 1 il əvvəl Avropa çempionatının finalında əlavə vaxtda 3:1 məğlub etdiyimiz Portuqaliya millisi Nigeriyaya 2:0 qalib gəlib dünya çempionu oldu. Bizim Nigeriyaya uduzmağımız sonra sovet futbolunda nümunə kimi göstərildi. 45 dəqiqəyə necə futbol oynamaq və digər 45 dəqiqəyə necə oynamamaq olar kimi nümunə çəkilirdik. Oyundan dərhal sonra baş məşqçimiz Boris İqnatyev (bu ilin yanvarın 27-də dünyasını dəyişib – red.) istefaya göndərildi.

    Ümumiyyətlə, o vaxt Nigeriya millisi ilə çox qarşılaşırdıq. U-17 dünya çempionatının finalında da onlarla üz-üzə gəlmişdik. Orada da 1:0 qalib gəlirdik, hesabı 1:1 etmişdilər. Yalnız penaltilərdə 4:2 qalib gəlmişdik. Yeri gəlmişkən, onu da deyim ki, bizim uduzduğumuz Nigeriyanın heyətindən həmin il "lipa" tapılmışdı".

    55 yaşlı futbol veteranı U-20 dünya çempionatının Bakıya verilməsinin üstünlüyünü də izah edib: "Bu yarışın Azərbaycanda, üstəlik qardaş Özbəkistanla birgə keçirilməsi əlamətdar hadisədir. U-20 yaş qrupu gənclərdən böyüklərə keçid qrupudur. Burada gələcəyin ulduzlarını görmək olar. Maradona, Cey-Cey Okoça, Juau Pintu kimi oyunçular burada parlayıb. Evdə oynayırıq deyə, birbaşa burada oynamaq imkanı əldə etmişik. Ona görə də bu şansdan maksimum istifadə etmək lazımdır. Qrupdan çıxmaq hədəf olmalıdır".

    Adətən belə futbol veteranları bu cür yarışlar öncəsi xüsusi səfir seçilir. Arif Əsədovdan bu barədə də soruşduq. Qısa cavab belə oldu: "AFFA-dan mənə U-20 dünya çempionatı ilə bağlı heç bir təklif gəlməyib. Bəlkə daha sonra xüsusi görüş olacaq".

    Səbuhi Musa

    Futbol

    "Torpedo" - "Zirə": HEYƏTLƏR

    16.07.2026 18:53:40
    Futbol

    "Qarabağ"ın istədiyi futbolçunun transferi rəsmiləşdi

    16.07.2026 17:42:27
    Futbol

    Premyer Liqa klubunda gürcü futbolçu

    16.07.2026 17:08:33
    Futbol

    "Kəpəz" "Karvan-Yevlax"dan ayrılan futbolçunu heyətinə qatdı

    16.07.2026 16:18:10
    Futbol

    "Araz-Naxçıvan" burundili hücumçu transfer etdi

    16.07.2026 15:04:57
    Futbol

    "İmişli" daha bir futbolçu ilə vidalaşdı

    16.07.2026 14:38:15
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Torpedo" - "Zirə": HEYƏTLƏR

    16.07.2026 18:53:40

    "Neftçi"nin potensial rəqibləri müəyyənləşdi

    16.07.2026 18:13:02

    "Qarabağ"ın istədiyi futbolçunun transferi rəsmiləşdi

    16.07.2026 17:42:27

    Premyer Liqa klubunda gürcü futbolçu

    16.07.2026 17:08:33

    "Sabah" ən yaxşı legionerlərindən birini göndərdi

    16.07.2026 16:43:33

    "Kəpəz" "Karvan-Yevlax"dan ayrılan futbolçunu heyətinə qatdı

    16.07.2026 16:18:10

    Gəncə təmsilçisinin avrokuboklardakı rəqibləri bilindi

    16.07.2026 15:42:24

    "Araz-Naxçıvan" burundili hücumçu transfer etdi

    16.07.2026 15:04:57

    "İmişli" daha bir futbolçu ilə vidalaşdı

    16.07.2026 14:38:15

    Azərbaycandan ayrıldı, Belçika klubuna keçdi

    16.07.2026 14:05:06

    Hidayət Heydərov çəkisini sala bilmədiyi üçün cəzalandırılıb

    16.07.2026 13:20:38

    Erməni cüdoçular Bakıya gələ bilərlər

    16.07.2026 13:00:54

    Bakıdakı dünya çempionatına nə qədər bilet satılıb?

    16.07.2026 12:49:29

    Bakıda dünya çempionu olan idmançı 20 min mükafat alacaq

    16.07.2026 12:31:33

    "Üstünlüyü yerli futbolçulara verəcəyik" - "İmişli"nin baş məşqçisi

    16.07.2026 12:25:24
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved