Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Bizim üçün problem həmişə rəqib olub" – Qurban Qurbanov
    28.07.2024 20:04:24

    "Qarabağ" Çempionlar Liqası II təsnifat mərhələsinin cavab matçı çərçivəsində Bakıda "Linkoln Red İmps"i qəbul edəcək.

    Prosport.Az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyundan öncə təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

    – Bakıda İlk oyunumuzu oynayacağıq. Doğma Bakımızda, doğma stadionumuzda. Pis hazırlaşmadıq. Rəqibi daha yaxından tanıdıq. Bu komanda çox bacarıqlı müdafiə olunur. İlk matça baxıb, analiz etmişik. Baxımlı oyun oynamağa çalışacağıq. Bilirik ki, qalib gəlsək, Avropa Konfrans Liqasının qrupunu təmin edəcəyik. Çox ciddi hazırlaşırıq. Futbolçularımın ümumi hazırlığı pis deyil. Azarkeşlər üçün baxımlı matç olacaq.

    – Bu gün sizi ən çox narahat edən nədir? Sırf "Linkoln Red İmps"lə oyuna görə yox, ümumi...
    – Hansısa narahatlığa ehtiyac yoxdur. Kollektivdaxili olan bəzi nüanslar var. İlboyu onlarla rastlaşırıq. Çalışırıq ki, kiçik vaxtda onları həll edək. 15-16 ildir ki, buradayam. Kollektivdaxili hər şeyi həll etmişik. Hansısa problem görmürəm. Həmişə çalışmışıq ki, əlimizdə olan şansdan maksimum istifadə edək, hər şey qaydasında olsun. Bizim üçün problem həmişə rəqib olub. Rəqib bizim düşündüyümüzdən əlavə edirsə, bu bizim üçün problem olub. Başqa ciddi problem görmürəm.

    – Zədə ilə bağlı problem yoxdur?
    – Xeyr. Musa Qurbanlı əməliyyat olunub. Başqa hamı sağlamdır.

    – Premyer Liqa başlayır. Bu mövsüm 50-dən çox oyun olacaq. Əlinizdəki heyət bu hədəflərə çatmaq üçün yetərlidir? Deyilsə, neçə oyunçunun transferi daha yaxşı olar?
    – Nə olursa-olsun, əlimizdəki heyətlə bunlara hazır olmalıyıq. Problemi çözmək istəyiriksə, bunu etməliyik. Məşqçi kimi istəyərəm ki, heyətə minimum 2 oyunçu əlavə edilsin. Çünki bunun zədəsi, cəzası var. Bizim üçün hər oyun vacibdir. Hər cəbhədə ən yuxarı nəticə üçün mübarizə aparırıq. İşlər gedir. Orta xəttə oyunçu istəyirəm. Hücuma da minimum 1 futbolçu düşünürük. Daha yaxşı variant olarsa, mövqeyindən asılı olmayaraq, həmin oyunçunu transfer edərik.

    – Nadir hallarda "Qarabağ"ın oyunundan, toplanışından narazılıq edirsiniz. Bu dəfə isə razılıq edirsiniz. Bunu heyəti qoruyub-saxlamağınızla əlaqələndirmək olar?
    – Həmişə istəmişik ki, heyətimizi qoruyub-saxlayaq. Bu il vaxtımız oldu, daha rahat hazırlaşdıq. II təsnifat mərhələsindən turnirə qoşulduq. Ona görə də komandada, futbolçularda psixoloji rahatlıq oldu. Gərginlik bir o qədər olmadı. Futbolçuların istirahətə daha çox vaxtları oldu. Ona görə də hazırlıq proqramına Bakıda başladıq. Onlar üçün də daha rahat oldu. Hamısı öz ailəsinin yanında idi. Fiziki hazırlığı həmişə yaxşılaşdırmaq olar, amma psixoloji hazırlıq çətindir. Məni də həmişə narahat edən budur. Futbolçu beyni yorğun olduqda, daha tez yorulur. Bu il bir az hazırlıq fərqli oldu. Futbolçular da daha rahat, sərbəst idi. Ola bilər ki, buna görə öz razılığımı bildirmişəm. Gördüyümü, hiss etdiyimi demişəm.

    – Avrokuboklardakı digər klublarımız haqda fikriniz necədir?
    – Müsbət. Hər birinə uğurlar arzulayıram. Hər birinə təşəkkür edirəm ki, yaxşı hazırlıq keçiblər. Sadəcə, "Sumqayıt" uduzdu. Bu da məlum səbəblərdən. Hesabda öndə olarkən, qırmızı vərəqə aldılar. Cavab matçında inanıram ki, Samir Abasov komandanı toparlayacaq və yaxşı nəticə üçün oynayacaqlar. İnamım böyükdür. "Zirə" və "Sabah" yaxşı oyunla qalib gəldi. Bu da klubun məşqçilərinə, rəhbərliyə, futbolçulara da əlavə stimul verir. Ümidlərimiz böyükdür, dualarımız onlarladır. Hər bir qələbə Azərbaycan futbolunun tanınması, reytinqin yüksəlməsi deməkdir. Hər birindən uğurlar nəticə gözləyirik. Öz fikirlərim isə öz komandamdadır. Qalibiyyətlərin sayının çox olmasını istəyirik.

    – Şahruddin Məhəmmədəliyevin hazırkı durumu necədir? Onun qayıdışı futbolçularda inamı artırıb?
    – Çox vacib mövqedir. Bəzən görürsən ki, çox komandaların şikayət etdiyi mövqe olur. Deməzdim ki, Şahruddin tam hazırdır. Amma o hamının tanıdığı oyunçudur. Hamının Şahruddinə qarşı münasibəti yaxşıdır. Adaptasiya üçün vaxta ehtiyac yoxdur.

    – Redon Cicanın "Ankaragücü"yə gedişi gözlənilir. Doğrudur?
    – Bizdə belə məlumat yoxdur. Hansısa futbolçunu göndərmək fikrimiz yoxdur.

    – "Ludoqorets" – "Dinamo"(Minsk) oyununa baxmısınız?
    – Bəli, baxmışam. Özüm üçün ümumi məlumat götürmüşəm.

    – Bu mövsüm avrokuboklarda hədəfiniz nədir?
    – Minimum və maksimum hədəflər olur. Minimum hədəf Avropa Konfrans Liqasının qrupudur. Maksimum isə UEFA Çempionlar Liqasının qrupu. Hədəfimiz həmişə maksimal olub.

    – Legioner seçiminə çox həssas yanaşırsınız. Bu mövsüm hələ ki əcnəbi meydan oyunçusu transfer etməmisiniz. Səbəb nədir? Tələbləriniz artıb, yoxsa futbolçular "Qarabağ"dan daha çox pul tələb edir?
    – Transfer etmək get-gedə daha da çətinləşir. Həmişə istəmişik ki, yanlış transfer etməyək. Amma mümkünsüzdür. Avropa klublarında 30% uğurlu transfer alınırsa, uduş kimi qəbul edirlər. 50% fantastikdir. O imkanlarımız yoxdur ki, transferdə səhv etsək, onu kompensasiya edək. Amma hər bir halda, axtarışdayıq. Çox oyunçularla danışırıq. Bəziləri gəlmək istəmədi, bəziləri Avropanı daha çox düşünür. Amma transfer etmək fikrindəyik.

    – Klublarımızın avrokuboklarda bu mövsümkü yaxşı çıxışında Azərbaycan çempionatındakı rəqabət rol oynadı?
    – Futbolun inkişafı üçün belə turnirlər çox vacibdir. Hamı bilməlidir ki, biz nə üçün Azərbaycan çempionatında oynamalıyıq. Avrokuboklarda bütün klublara böyük təcrübə qazandırır. Qələbələr də böyük inam qazandırır. Azarkeş marağı artır. Çempionatın daha da maraqılı keçməsini istəyiriksə, belə turnirlərdə iştirak etməliyik. Qruplara düşməyi hər bir klubumuza arzulayıram. Təcrübə baxımından da futbolçulara, məşqçilərə vacibdir. O rejimdə işləmək böyük fayda verir. Öz çempionatımızda 7-8 gündən bir oyun oynayırsan, amma avrokuboklarda oynayanda, rejim daim dəyişilir. Avrokubokıarın böyük faydası var. Hər bir turnirə ciddi yanaşmaq vacibdir. Klub rəhbərləri də bilməlidir. Əgər çatışmazlıq varsa, onu aradan qaldırmaq üçün məşqçilərin və futbolçuların yanında olmalıdırlar. Bura nə qədər xarici klublar gəlir. Azərbaycanımızı daha çox tanıyırlar. Bunun olması, xarici arena da da ölkəmiz üçün böyük fayda verir. Bəzən qorxuruq ki, çətin qrupa düşürük. Heç nə olmaz. Çətin komandalara qarşı 3-4 ildən sonra daha inamlı oynaya bilərik. Çox istəyərdim ki, bölgələrimizin mədəniyyətini də tanısınlar. Gəncə, Tovuz və digər rayonlarımız. Zirənin öz maraqlı tarixi, mədəniyyəti var. Sabah bəlkə Ağdamda oynadıq, bəlkə başqa şəhərlərdə. Yəni, avropalılar buraların da tarixini bilərlər. Rəqabətin təməli buradan başlasa, daha yaxşıdır.

    – "Qarabağ" "Ferensvaroş"u keçdikdən sonra onlar sizin və sizin istədiyiniz futbolçuları transfer etməyə cəhd göstərir. Ovusu Kvabena, Kadi Borjes. Bu nə ilə bağlıdır?
    – Qeyri-adi bir şey görmürəm. Biz də hansısa futbolçuya baxanda onun təcrübəsinə, çempion olub-olmamasına, qruplarda oynayıb-oynamamasına baxırıq. Ya da bəzən oyunçunun heç avrokuboklarda oynamamasına baxırıq ki, istəkli, ac olsun. Fərqli fikirlər söyləmək olar. "Ferensvaroş"la aşağı-yuxarı eyni səviyyəli komandayıq. Onların da Avropanın hansısa tanınmış klubundan oyunçu götürməyə pulları yoxdur. Maddiyyat tərəfdən bizi üstələyirlər. Normal gedişatlardır. Biz də bəzi klublardan oyunçular götürmüşük. Məsələn, Çumbinyu, Miçel, filan. Hər şey maddiyata bağlıdır.

    – Ötən mövsüm Elvin Cəfərquliyev avrokuboklarda qırmızı vərəqə almışdı. "Zirə" və "Sumqayıt"da da eyni hal yaşandı. Belə halların minimuma endirilməsi üçün hansı addımlar atılmalıdır?
    – Son vaxtlar çox komanda olub ki, vərəqə cəzasına görə uğuru əldən verib. Görünən odur ki, futbolçularla bu barədə daha çox danışılmalıdır. Qaydalar onlara çatdırılmalıdır. Futbolçunu oyuna daha düzgün motivasiya etmək lazımdır. Hər bir tələb futbolçunun üzərinə düşür ki, özünü meydanda düzgün idarə etsin. Nə qədər məsləhət versək də, onu yerinə yetirən futbolçu özüdür. Hamısı məsuliyyətli olmalıdır. Şans bəzən bir dəfə olur. Ondan da maksimum istifadə etmək lazımdır ki, heç olmasa sayda üstələməsin. Oyunda üstələsə, sayda da üstələsə, rəqib üçün böyük üstünlük olur. Son vaxtlarda ən vacib elementlərdən biridir və bunun üzərində çox dayanılmalıdır. Hakimlərin fikirləri fərqlidir. Nizamnamə var. Elə hakim var ki, ona uyğun gedirlər. Bəziləri isə düşünür ki, bu, mübarizə oyunudur, bəzən qırmızı vərəqəni vermək də olar, sarı da göstərmək olar. Çox dərinə getmirlər.

    Futbol

    "Mingəçevir" mərkəzi oyunda "Səbail"ə uduzdu – VİDEO

    12.03.2026 17:14:06
    Futbol

    Millimizdən biabırçı start: İlk oyunda 11 top buraxdılar

    12.03.2026 16:58:51
    Futbol

    Mövsümün sonunda "Zirə"dən ayrılıb, karyerasını bitirəcək

    12.03.2026 16:23:10
    Futbol

    "Neftçi"nin paltardəyişmə otağında qorxulu anlar: Halı pisləşdi, əvəzləndi

    12.03.2026 15:47:52
    Futbol

    "Qarabağ"a 4 qol vuran futbolçu nəhənglərin hədəfində

    12.03.2026 15:18:42
    Futbol

    "Hər şeyin sürətlə getdiyini bilirik, amma Nərimanla bağlı diqqətli olacağıq" - ABŞ klubunun baş məşqçisi

    12.03.2026 14:10:14
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Cüdo Federasiyası bu komitə ilə əməkdaşlığa başladı

    12.03.2026 21:49:56

    "Sumqayıt" evdə uduzdu, Naxçıvan təmsilçisindən qələbə

    12.03.2026 21:32:57

    Yığmamızın 2 üzvü Berlində fəxri kürsüyə qalxdı

    12.03.2026 18:53:59

    "Mingəçevir" mərkəzi oyunda "Səbail"ə uduzdu – VİDEO

    12.03.2026 17:14:06

    Millimizdən biabırçı start: İlk oyunda 11 top buraxdılar

    12.03.2026 16:58:51

    Mövsümün sonunda "Zirə"dən ayrılıb, karyerasını bitirəcək

    12.03.2026 16:23:10

    "Neftçi"nin paltardəyişmə otağında qorxulu anlar: Halı pisləşdi, əvəzləndi

    12.03.2026 15:47:52

    "Qarabağ"a 4 qol vuran futbolçu nəhənglərin hədəfində

    12.03.2026 15:18:42

    Azərbaycan çempionatında pley-off mərhələsinin təqvimi açıqlandı

    12.03.2026 14:50:38

    "Hər şeyin sürətlə getdiyini bilirik, amma Nərimanla bağlı diqqətli olacağıq" - ABŞ klubunun baş məşqçisi

    12.03.2026 14:10:14

    Premyer Liqa: "Zirə" - "Qarabağ" matçının hakimləri bilindi

    12.03.2026 13:52:31

    Cüdo yığmamızın Avropa Açıq turniri üçün heyəti - ADLAR

    12.03.2026 13:12:57

    3 futbolçu "Karvan-Yevlax"ı tərk edəcək

    12.03.2026 12:46:03

    Qazaxıstan millisi Bakıya gəlir

    12.03.2026 12:12:07

    "Qarabağ" müharibəyə görə beynəlxlaq turnirdən imtina etdi

    12.03.2026 11:50:53
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved