İsrailin “Makkabi” klubunun (Hayfa) baş məşqçisi Barak Baxar Toto Kubokunun pley-off mərhələsində “Hapoel” (Beer-Şeva) üzərində qazanılan qələbəni (3:0) şərh edərkən, Avropa Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunundan danışıb.
Prosport.Az xəbər verir ki, o, Macarıstanın Kişvarda şəhərində keçiriləcək ilk matç barədə bunu deyib:
"Bu bizim ilk rəsmi oyunumuz idi. Buna qədər biz ancaq təlim-məşq toplanışında oynamışdıq. Çərşənbə günü ilk avrokubok missiyamız üçün yola düşürük. Qarşıda bizi güclü komandaya qarşı çətin oyun gözləyir. Məqsədimiz “Sabah”ı keçməkdir. Mən oyundan-oyuna daha yaxşı olacağımızı gözləyirəm. Əvvəllər təlim-məşq toplanışında İsrail olimpiya komandasına uduzmuşduq (1:5), eyni komanda ilə başqa görüşdə qalib gəldik (2:1). “Hapoel”lə matçda da xoş anlar yaşandı. Çox yaxşı bir hissə oynadıq və vacib qələbə qazandıq".
Qeyd edək ki, “Makkabi” – “Sabah” matçı iyulun 25-də “Varkert” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 21:15-də başlayacaq.

