Albaniya mətbuatı "Qarabağ"ın hücumçusu Redon Cicanın "Tirana"ya qayıtmaq ehtimalından yazıb.
Prosport.Az xəbər verir ki, “albeu.com” saytı Cicanın instaqram səhifəsində paylaşdığı fotoya istinadla onun sabiq komandasına mümkün dönüşünü qiymətləndirib:
"Cica və “Tirana” - hər iki tərəf üçün iz qoyan sevgi hekayəsidir”. Hücumçu 55 oyunda 32 qol vurub və 7 məhsuldar ötürmə edib. Son illər heç kim bu klubda daha çox qol vurmayıb. Cica ötən il “Qarabağ”a 500 min avroya satılsa da, oradakı çıxışı yaxşı alınmır. Avrokuboklarda təsnifat mərhələsində 5 qol vursa da, sonra zədə səbəbindən 3 ay yaşıl meydanlardan kənarda qaldı. Qayıtdıqdan sonra isə şans qazanmır. Onun bu ilin yanvarında “Tirana”ya qayıtması ilə bağlı söhbətlər gedirdi, lakin bu, baş vermədi. Bu arada, Cica “Tirana” azarkeşlərini yenidən ümidləndirib. Hücumçu intaqram səhifəsində keçmiş klubunun formasında çəkdirdiyi fotonu hekayə bölümünə yerləşdirib. Bunun sadəcə bir nostalji an, yoxsa klub rəhbərliyinə açıq mesaj olduğunu görəcəyik. Bəlkə də elə klub rəhbərliyinə siqnaldır".
Qeyd edək ki, 25 yaşlı hücumçu Albaniyada “Laçi” və “Tirana” komandalarında oynayıb.

