"Zirə" Azərbaycan Premyer Liqasının XXVII turunda öz meydanında "Kəpəz"i 2:1 hesabı ilə məğlub edib.
Prosport.Az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Komandamı təbrik edirəm. Olduqca önəmli qələbə qazandıq. Birinci hissə bizim üçün pis keçmədi. Bir neçə təhlükəli hücumlarımız oldu. Bir dəfə İssa Cibrillanın yaxşı fürsəti oldu, ötürmə vermək əvəzinə qapıya vursaydı, qolla nəticələnə bilərdi. İkinci hissədə sürəti artırdıq. Futbolçular ön xətdə daha keyfiyyətli oynamağa başladı. Nəticədə çox vacib qələbə qazandıq.
- Bu gün komandanız çoxlu qol epizodları yaratdı...
- Futbolçular hücum xəttində daha inamlı idilər. Açığı, gözləyirdim ki, daha həyəcanlı olacaqlar. Çünki, bəzi oyunlarda xal itkiləri komandanın üzərində təzyiq yaradırdı. Şükürlər olsun ki, bu gün həmin təzyiqi ata bildilər. Milli fasilədən öncə vacib qalibiyyət oldu. Bütün oyunlar çətin keçir. Rəqib çox yaxşı mübarizə aparırdı. Son dəqiqələrdə bizə həyəcanlı anlar yaşatdılar.
- Fasilə "Zirə"yə necə təsir edəcək?
- Oyun yaxşı gedəndə heç kim fasilə olmasını istəmir. Sadəcə olaraq bizim başqa problemlərimiz var. Düşünürəm ki, fasilə bizim üçün daha yaxşı olar. Həm Meza Kollinin formaya düşməsi var, həm Kulaç, həm Rafael Utsiq zədədən yeni qayıdıb. Rüstəm Əhmədzadənin də 2-3 həftə zamana ehtiyacı var. Qarşıda bizi bir-birindən önəmli oyunlar gözləyir.

