Azərbaycan boksçusu Nicat Hüseynov İtaliyanın Busto Arsitsyo şəhərində I Dünya Olimpiya Təsnifat Turnirində növbəti görüşünü keçirib.
Prosport.Az xəbər verir ki, 51 kq çəkidə mübarizə aparan ikiqat Avropa çempionumuz ermənistanlı Rudolf Qarboyanla döyüşüb.
1/8 final mərhələsi çərçivəsində baş tutan qarşılaşma boksçumuzun inamlı qələbəsi ilə yekunlaşıb. Hər 3 raundu xeyrinə bitirən Hüseynov yekunda 5:0 (30:26, 29:27, 30:26, 30:26, 30:26) hesabı ilə qalib gəlib.
Nicatı Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziyadan cəmi 1 addım ayırır. Ona Fransa paytaxtına vəsiqə üçün sabah keçiriləcək 1/4 final döyüşündə qələbə kifayət edəcək. Rəqib 2021-ci ildə keçirilmiş dünya çempionatının finalçısı Roskoe Hill (ABŞ) olacaq.
Qeyd edək ki, Nicat Hüseynov Rudolf Qarboyanı ardıcıl 2-ci dəfə məğlub edib. O, ötən ilin nöyabrında U-22-lərin Avropa çempionatının finalında da erməni boksçuya qalib gəlmişdi.
