"Xarı Bülbül Şuşa" və "Xarı Bülbül Laçın" voleybol klublarının maliyyə ucbatından dağılmaq təhlükəsi ilə üzləşdiyini xəbər vermişdik. Bu xəbər ölkə idmanında şok effekti yaratdı. İşğaldan azad olunmuş şəhərlərimizin adlarını daşıyan bu 2 komanda necə dağıla bilər?
Prosport.Az olaraq mövzunu davam etdirmək qərarına gəldik və məsələ ilə bağlı hər iki klubun təsisçisi İlqar İmamquliyevdən müsahibə götürdük.
– Klubda maliyyə problemlərinin olduğunu bilirik. Heç kimin gözləmədiyi halda bu problem necə yarandı?
– Ötən mövsüm öncəsi yaratdığımız "Xarı Bülbül Şuşa" komandası öz maliyyəsi hesabına yarışıb. Burada dostlar da müəyyən köməkliklər edib. Bu ildən komanda beynəlxalq arenaya qədəm qoydu və dünya səhnəsində adı eşidilməyə başladı. Xərclər çoxaldı deyə sponsorlara ehtiyac yarandı. Komandamız beynəlmiləldir. Çünki burada dünyanın bir neçə ölkəsindən – Kanada, ABŞ, Rusiya, Ukrayna, Serbiya, Avstraliya, Yaponiya, Puerto Riko kimi ölkələrdən legionerlər çıxış edir. Onlara ölkəmiz, Şuşa, qazanılan zəfər haqda məlumatlar vermişik. Həmin oyunçuların sosial şəbəkələrdə və ya ailə, dost-tanış içərisində "Xarı Bülbül"ü və ya Şuşa adını səsləndirməsi Azərbaycanın adına müsbət haldır. Avrokubokda da ilk mərhələdə elə oynamağa çalışdıq ki, "Xarı Bülbül" adı yaddaşlarda qalsın. Şükür Allaha ki, bu da oldu və Slovakiya komandasına hər 2 oyunda qalib gəldik.
Avrokuboklarda çıxış edirsənsə, sponsorlara ehtiyac var. Çünki komandamızda artıq legioner oyunçular da mövcuddur. Komanda böyüdükcə, məsrəflər də böyüyür. Uzun müddətdir ki, maliyyə problemlərimiz var. Mövsümün əvvəlindən sponsor axtarsaq da, heç bir şirkət buna razılıq vermədi. Sponsorlar bunun üçün ya müəyyən dövlət qurumundan göstəriş gözləyir, ya da imtiyaz müqabilində sponsorluq edəcəyini bildirir. Futbolda avrokuboklarda Azərbaycanı təmsil etməyən klublara sponsorluq edilirsə, qəhrəmanlıq simvolu sayılan Şuşa və Laçın şəhərlərinin adını daşıyan, Avropada çıxış edən kluba niyə pul yatırılmasın ki? Burada federasiyalıq da bir şey yoxdur. Onsuz da federasiya 8-9 klubu maliyyələşdirir. Yalnız "Neftçi", "Xarı Bülbül" və qismən də MOİK federasiyadan maliyyələşmir. Halbuki dünya praktikasında belə bir şey yoxdur. Klublar müstəqil olmalı, federasiyanın işi isə çempionat təşkil etmək, milli komanda yaratmaq olmalıdır.
– 3 aydır ki, komandanın üzvləri maaş almır? Almırsa, Çelenc Kubokunun 1/32 finalında Slovakiyanın "Spartak" komandası ilə oyunlara necə çıxmışdınız?
– Bəli, 3 aydır ki, maaş almırıq. "Spartak"la oyunlara da uşaqlar maaşsız çıxmışdı. Amma onlara bu oyunun Azərbaycan üçün önəmini, müqəddəs Şuşa adının beynəlxalq səhnədə debütünün vacibliyini izah edə bildik. Həmin əcnəbilər də sanki azərbaycanlı uşaqlar kimi meydana çıxıb, kişi kimi döyüşüb, qalib gəldilər. Ancaq "Panatinikos"la matçdan əvvəl isə 10 gün komanda kollektiv məşqlərə çıxmaqdan imtina etdi. Yalnız individual şəkildə hazırlıqlar oldu. Biz onları da başa düşürük ki, 3 aydır maaş ala bilmirlər, aqressivləşiblər. Onlar oyuna çıxmayacaqlarını bildirdilər. Biz də bu durumu federasiyaya – vitse-prezident Faiq Qarayevə və baş katib Faiq Orucova bildirdim. Sağ olsun Orucov ki, bu məsələlərdə çox canfəşanlıq edib, komandaya kömək etməyə çalışdı. Oyun günü federasiya prezidenti Şahin Bağırov komandamızın 1 aylıq maaşını hesabımıza köçürdü. Bu problemlərə, hazırlıqsız oyuna çıxmağımıza baxmayaraq, adlı-sanlı rəqiblə başa-baş oynadıq. 1-ci setdə 3 dəfə hesabı bərabərləşdirdik, 3-cü setdə isə 17:11 öndə olmuşuq. Bir şeyi deyim ki, rəqib komandanın 2 oyunçusunun büdcəsi elə bizim bütün komandanın büdcəsinə bərabərdir.
– İyulun 16-da federasiyanın keçirdiyi hesabat konfransında Hacı Nuran Hüseynovun "Xarı Bülbül"ə prezident təyin edildiyini elan etdiniz. Bildirməsəniz də, aydın məsələ idi ki, Hacı Nuran ora sponsorların cəlb olunmasında rol oynamalı idi...
– Mən özümdən böyüklərlə görüşdükdə Hacı Nuranın kluba götürülməsini, komandaya fayda veriləcəyi bildirilmişdi. Əvvəl razılıq əldə edə bilmədik. Ancaq Lüksemburqda Çelenc Kubokunun püşkatmasından əvvəl onunla görüşüb razılaşdıq. Razılaşmamızda onun ölkənin tanınmış şəxsi, xeyriyyəçi kimi sponsorların cəlb edilməsində rolu olmalıydı. Özünün dediyinə görə, onlarla insanlarla, məmurlarla görüşdü. Amma nəticə olaraq ortaya heç nə çıxmadı.
– Bəs Lüksemburqa püşkatmaya getmək, Polşada komandanın hazırlıqlarının baş tutması kimin maliyyəsi hesabına baş tutub?
– Həmin xərclər öz maliyyə vəsaitimlə olub. Burda qətiyyən Hacı Nuranın rolu olmayıb. O bir qəpik də kluba xərcləməyib. Düşünürəm ki, bugünkü durumumuz onun bu məsələyə yanaşmasının nə qədər qeyri-ciddi və məsuliyyətsiz olduğunu göstərir. Hacı Nuran hara gəldiyini, öz vəzifəsinin nə olduğunu yaxşı bilirdi. Prezident vəzifəsi o deyil ki, təkcə gəlib şəkil çəkdirəsən. Düşünürəm ki, hər bir insan öz adına hörmət etməlidir. Hacı Nuran sizə verdiyi müsahibədə də bildirmişdi ki, mən olan yerdə hər şey yaxşı olacaq. Ancaq heç nə yaxşı olmadı...
– Noyabrın 29-da komandanı "Panatinaikos"la Afinada cavab oyunu gözləyir. Bildiyim qədəri ilə, bilet alınmayıb. Necə həll olunacaq bu məsələ?
– Bu dəqiqə bizi ən çox narahat edən məsələ budur. Bir agentlik bilet xərcləri üçün zəng vurmuşdu. Sonradan məlum oldu ki, onlar reklamlarının Hacı Nuranın verilişində çəkilməsi müqabilində bunu edirlər. Dedim ki, onda mənə niyə zəng vurmusuz, bu məsələ də belə alınmadı. Məsələ budur ki, bilet tapılsa da, qalan 2 ayın maaşı ödənilməsə, komanda dağılacaq. Maaş ödəniləndə də, bilet xərclərini qarşılaya bilmirik. Hazırda komanda şəklində məşq keçmirik. Azərbaycan çempionatında oyunumuzun təxirə salınmasını "Panatinaikos"la oyuna yaxşı hazırlıq kimi göstərsək də, əsl səbəb maliyyə ilə bağlıdır. Biz bunu mətbuatdan mümkün qədər gizlətməyə çalışırdıq. Ancaq artıq bıçaq sümüyə dirənib. Cəmi 3 gün sonra səfərə çıxmalıyıq. Şuşa adına görə bu komanda dağılmamalıdır. Dağılsa, Azərbaycanın imicinə xələl gələcək. Özü də bu erməni diasporunun güclü olduğu Yunanıstanın klubu ilə oyun ərəfəsində baş verirsə, erməni mətbuatında bizim haqda nələr yazılacağını təsəvvür etmək belə istəmirəm. Bu bizim üçün böyük utanc olacaq.
– Maaş və səfər xərclərinin ödənilməsi üçün təxmini nə qədər pul lazımdır?
– Mən sizə deyim ki, "Xarı Bülbül Şuşa", "Xarı Bülbül Laçın" və Gənclər Liqasında çıxış etməli 4 komandamızın birgə illik büdcəsi bir azərbaycanlı futbolçunun illik büdcəsindən çox deyil. Və yaxud dünya voleybolunda bir tanınmış idmançının illik maaşı milyon yarımdırsa, bizim illik büdcəmiz heç bunun yarısı etmir.
– Komanda Afinaya getməsə, federasiya da sanksiya ala bilər?
– Əgər komandamız dağılsa, təbii ki. Çünki biz mövsüm öncəsi federasiyaya zəmanət məktubu təqdim etmişik. Onlar da Avropa Voleybol Konfederasiyasına bunu göndəriblər. Biz istəmərik ki, federasiyanın adına hər hansısa sanksiya gəlsin. Ya biz aldadılmışıq, sponsorlarla danışıq aparılmayıb, ya da Şuşaya sevgimiz saxtadır. Əgər mən, fəhlə Tofiqin oğlu İlqar, Beynəlxalq Voleybol Federasiyası meneceri və öz yaratdığım brend geyim şirkəti olan bir kiçik sahibkar 2 il bu komandanı saxlaya bilmişəmsə, böyük biznesmenlər də bu xərcləri qarşılaya bilər.
Mən sizə bir söz də deyim ki, dekabrın 24-ü ölkə başçısı İlham Əliyevin doğum gününə görə "Sərkərdə Kuboku" keçirməyi planlaşdırmışdıq. Hətta Novruz Bayramı ərəfəsində bunu Şuşada təşkil etməyi planlaşdırmışdıq. Bu turnir torpaqlarımızı işğaldan azad edən Prezidentimizə kiçik bir təşəkkür borcu kimi olmalıydı. Bununla bağlı Faiq Qarayevlə məsləhətləşmişdim. O da "Fənərbağça", "Qalatasaray", Moskva "Dinamo"su ilə danışmalıydı.
– Bu mövsüm "Xarı Bülbül Laçın" kişi voleybol komandası da yaratdınız. Yəqin ki, sponsor tapılacağına ümid etdiyinizdən, 2-ci komandanı Yüksək Liqaya buraxdınız...
– 90% azərbaycanlılardan ibarət "Xarı Bülbül Laçın"ı isə milli komandaya baza olaraq yaratmışdıq. Təbii ki, mən bu yanaşmanı öncədən görsəydim, o komandanı yaratmazdım. Hətta Hacı Nuran özü bildirmişdi ki, Superliqaya bir qadın komandası da buraxaq. Mən də adını "Xarı Bülbül Xankəndi" olaraq düşünmüşdüm. Deyir ki, ziyanın yarısından da qayıtmaq xeyirdir. Belə aqibətlə üzləşəcəyimizi bilsəydik, legionerləri bura gətirməzdik. Bu gün görüntü odur ki, bu komanda, deyəsən, ancaq bizə lazım imiş. Bununla belə, ümid edirəm ki, azərbaycanlı vətənpərvər biznesmen çıxıb bu komandaları dağılmağa qoymayacaq.
Səbuhi Musa