"Zirə" Azərbaycan Premyer Liqasının Xl turunda öz meydanında "Səbail"lə 2:2 hesablı heç-heçə edib.
Prosport.Az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
– Ümumən futbolçularımın çıxışından razı qaldım. Bu mövsüm bəlkə də ən çox bəyəndiyim oyunlardan birini keçirdik. Yaxşı rəqibə qarşı oynayırdıq. "Səbail" uğurlu çıxış edir. Oyun bizim üçün çox yaxşı başladı. Hesabı açdıqdan sonra rəqibin müdafiəsində yaxşı boşluqlar var idi. Onlardan istifadə etmədik. Ancaq 2-3 dəqiqə içərisində 2 qol buraxdıq. Bizim üçün böyük sarsıntı idi. Buna baxmayaraq, futbolçular oyuna nəzarəti əldən vermədilər, sona qədər hücum etməyə çalışdıq. Yetərincə qol epizodlarımız var idi. Sadəcə son anlarda dəqiq deyildik. Amma istənilən halda, hesabı bərabərləşdirdik. Futbolçularıma təşəkkür etmək istəyirəm. Bu mövsüm məni ən çox razı salan oyunumuz idi.
– Hücum xəttinə oyunçu cəlb edəcəksiniz?
– Oyuna çox ciddi itkilərlə hazırlaşırdıq. Bəlkə də ən ağır hazırlaşdığımız matç idi. Zədəli, zədədən dönən oyunçularımız oldu. 2-ci hissədə oyunu gücləndirmək üçün meydana buraxacaq hücumameyilli futbolçumuz yox idi. Yarımmüdafiəçimiz də yox idi, hücumçumuz da. Oyunu məcburiyyətdən belə tamamladıq. Ehtiyatda olanların hamısı isə müdafiəyəmeyilli idilər. Problemlər var, bunu əvvəlcədən də görürdük. Bunu çözmək üçün yalnız qış fasiləsində vaxtımız olacaq. İndi heç nə edə bilmərik. Maksimum dərəcədə düşdüyümüz vəziyyətdən çıxmağa çalışmalıyıq. Əslində bu gün Rüstəm Əhmədzadə, Vladislav Kulaçdan – hücum xəttindən razı qaldım. Baxımlı oynayırdılar, sadəcə son zərbələrdə soyuqqanlılıq çatışmırdı. O da zamanla düzələr.
– Filipe Paxtmanın zədəsi nə yerdədir? Tez-tez zədələnir...
– Xeyr, köhnə zədəsi ilə bağlı məsələ deyil. Sadəcə, hər 2 ayağının çarpaz bağlarından əməliyyat edilmişdi. 2-si də qopmuşdu. Son zamanlarda isə tez-tez əzələ zədəsi alır. Baxırsan ki, qarın nahiyyəsində əzələsini dartıb. Müşahidə etdikdə görürsən ki, digər komandaların heç birində bu qədər zədə yoxdur, ən çox zədə bizdədir. Bəzən daha çox istirahət veririk. Zədələri nəzərə alaraq, planlarımızda dəyişiklik edirik. Yükləmələri də aşağı salırıq, ancaq bunlardan qurtula bilmirik. Oyunöncəsi də ciddi itkilər oldu. 2 gün qabaq məşqdə Eldar Quliyev sıradan çıxdı ki, bu da bizim üçün böyük itkidir. Olur da, futbolun içindədir, çalışırıq ki, həll edək.
– Bu mövsüm evdə ilk dəfə 2 qol buraxdınız. Səbəbi nədir?
– Rəqib bu gün çox dəqiq oynadı. Qapımıza demək olar ki, 2 ciddi zərbə gəldi, 2-si də qolla nəticələndi. Belə dəqiqlik olan zaman inanırsan, meydanın kənarında da düşünürsən ki, qələbə qazanmaq çətin olacaq. Bizdə də çoxsaylı zərbələr, hücumlar olur. Amma hər zərbə qolla yekunlaşsa, yəqin ki, bu gün 4-5 qol vura bilərdik. Pedru Nunu usta futbolçudur, bu gün də onu göstərdi. 1-ci qol möhtəşəm idi, 2-ci də həmçinin, onu yoxdan var etdi. Müdafiəni nədəsə günahlandıra bilmirəm. Pedru əlinə düşən yarım fürsətdən çox yaxşı istifadə etdi.
– Qapınızda gördüyünüz qollar haqda nə deyəcəksiniz?
– Abbas İbrahim bu gün oyuna nədənsə inamsız başladı. 2-ci hissədə dəyişiklik etdik. Andriya Lukoviç oyuna çox yaxşı daxil oldu. "Səbail" çempionatda ən təhlükəli əks-hücuma çıxan komandadır. Onu da bu gün 2-ci qolda göstərdilər.
– Bu gün Rəhim Sadıqov effektsizliyi ilə diqqət çəkdi. Ancaq siz dediniz ki, hücum xəttindən razı qalmısınız. Sizcə, Rəhimin performansındakı eniş nə ilə bağlıdır?
– Bilmirəm. Özü də öz üzərində çalışır. Rəhim də hiss edir ki, daha çoxunu bacara bilər. Bu gün meydanda çox mübarizə apardı, istəkli, hərəkətli idi. Rəqib də kompakt müdafiə olunurdu, çox boşluq vermirdi. Oyuna baxdıqdan sonra daha dəqiq nəsə demək olur. Ancaq bu gün komandadan razı qaldım.
– Yeni transferlərlə bağlı axtarışlar gedir?
– Müəyyən axtarışlar gedir, nəzarətdə saxladığımız oyunçular var. Məsələn, yayda razılaşıb gətirə bilmədiyimiz oyunçularımız var ki, onlarla danışırıq, başqa futbolçulara baxırıq. Mütləq şəkildə heyətimizi genişləndirməliyik. Müdafiə və hücum xəttində də ehtiyacımız var. Stefan Akka zədəli idi. Cəmi 2 stopperlə oynayırdıq, hər 2-nin də 3 sarı vərəqəsi var. Onlardan 1-i sarı vərəqə ilə cəzalandırılsaydı, növbəti oyunda meydana buraxacaq stopperimiz olmayacaqdı. Heyətimizi gücləndirməliyik.
– Bu gün həm 4-cü, həm də baş hakimə etirazlarınızı bildirdiniz. Yenə hakimlərdən narazı qaldınız?
– Xeyr, xeyr, oyunun içində olan xırda epizodlar idi. Hər hansısa epizoda ciddi etiraz yoxdur.

