Azərbaycan Basketbol Liqasının VI turunda keçirilən "Gəncə" – "Sumqayıt" matçından (76:80) sonra qonaq komandanın baş məşqçisi Uğur Özdemir oyunla bağlı fikirlərini bölüşüb.
Prosport.Az xəbər verir ki, türkiyəli mütəxəssis klubun mətbuat xidmətinə açıqlamasında tarixi qələbəni və komandasının mübarizəsini yüksək qiymətləndirib:
"Komandamızı təbrik edirəm, çox yaxşı mübarizə apardıq. Əslində addım-addım buna doğru gedirdik. Bu gün əziyyətimizin mükafatını aldıq. Özü də dəyərli bir gündə, yəni Zəfər günündə qalib gəldik. Nəzərə alaq ki, bu, həm də "Sumqayıt"ın Gəncədə ilk qələbəsi kimi tarixə düşdü. Çox ağıllı oyun nümayiş etdirdik, yaxşı müdafiə olunduq. Xırda səhvləri nəzərə almasaq, qarşılaşma bizim nəzarətimizdə idi. Əslində ötən tur "Sabah"la matçda yaxşı mesaj vermişdik. Azarkeşlərimiz bizə inansınlar, onların etimadını meydanda doğruldacağıq. Onların dəstəyinə çox ehtiyacımız var".
