Noyabrın 3-də Azərbaycan Kamandan Oxatma Federasiyasının prezidenti Anar Quliyev İraqın Süleymaniyə şəhərində keçirilmiş Asiya Kubokunun II mərhələsinin qalibləri ilə görüşüb.
Prosport.Az xəbər verir ki, görüş zamanı Anar Quliyev idmançıları uğurlu çıxışları münasibətilə təbrik edib, onların hazırlığında və yüksək nəticələrin əldə olunmasında məşqçi heyətinin əməyini vurğulayıb. O, Asiya Kubokunda ilk dəfə iştirak edən Azərbaycan yığmasının birincilik qazanmasını yüksək dəyərləndirib.
Söhbət zamanı qarşıdakı beynəlxalq yarışlara, o cümlədən Olimpiya Oyunlarına hazırlıq, məşq prosesinin təkmilləşdirilməsi və idmançıların peşəkar inkişafı üçün şəraitin yaradılması məsələlərinə xüsusi diqqət yetirilib.
Qeyd edək ki, kamandan oxatma üzrə Asiya Kubokunun II mərhələsi 24-29 oktyabr 2026-cı il tarixlərində 19 ölkədən 120 idmançının iştirakı ilə keçirilib. Yığma komandanın üzvləri Yaylagül Ramazanova, Fatimə Hüseynli və Lalə Əbdürəhmanova qızıl medal qazanıblar. Yaylagül Ramazanova və Məhəmmədəli Əliyev isə qarışıq komanda yarışlarında gümüş medala layiq görülüblər.
Turnir Dünya Kamandan Oxatma Federasiyasının (World Archery) rəsmi təqviminə daxil olan dünya reytinq yarışıdır. Bu yarış idmançılara dünya reytinqində xal toplamaq və beynəlxalq yarış təcrübələrini artırmaq imkanı yaradır.
