“Sabah”ın daha bir futbolçusu Avropa klublarının maraq dairəsinə düşüb.
Prosport.Az futbolinfo.az-a istinadən xəbər verir ki, Rəhman Daşdəmirov növbəti mövsüm karyerasını ölkə xaricində davam etdirə bilər.
27 yaşlı müdafiəçinin həm klubunda, həm də Azərbayan millisində müntəzəm çıxış etməsi bir neçə komandanın diqqətini cəlb edib. Daşdəmirovun müdafiənin mərkəzi ilə yanaşı, cinahında da oynamaq bacarığı diqqətçəkən məqamdır.
Rəhman Türkiyənin həm Superliqa, həm I liqa klublarının maraq dairəsindədir. Hətta Kipr və Polşa variantı da istisna edilmir. Lakin klublar onunla bağlı qərar verməyə tələsmirlər. Millimizin üzvünün cari mövsümdəki performansı gələn yayda onun gələcəyi baxımından həlledici ola bilər.
Qeyd edək ki, Rəhman Daşdəmirovun “Sabah”la müqavilə müddəti mövsümün sonuna qədərdir.
