"Çox atletik komandaya qarşı oynadıq. Son 4-5 oyunda bu qədər xal atmamışdılar. Biz isə planımızın tam tərsini etdik".
Prosport.Az xəbər verir ki, bu sözləri "LANDAU Layns" klubunun baş məşqçisi Ərhan Tokər FIBA Avropa Kubokunun müntəzəm mövsümündə Bakıda İsveçrənin "Cenevrə Layns" komandası ilə ilk qrup matçından sonra deyib.
Türkiyəli mütəxəssis 83:105 hesablı məğlubiyyəti dəyərləndirib: "Mərkəzdə oyunçumuzun olmaması heyətə, rotasiya imkanlarına çox ciddi təsir edir. Rəqib çox cəld komandadır. İşimizi yaxşı görmədik. Əsas oyunçularımızdan Freyzer xallarını qazandı. De ondre Ceksondan həm müdafiədə, həm də hücumda istədiyimizi ala bilmədik. Mənə görə onların planlarında Freyzer qədər De Ondreni də sıradan çıxarmaq var idi ki, bu alındı".
O, çox güclü qrupda olduqlarını söyləyib: "Ən azından bundan da güclü rəqiblər olacaq, çətin matçlar keçəcək. Əsas sıxıntımız sərt müdafiə oluna bilməməyimizdir".
