Bolqarıstanın Sofiya şəhərində keçirilən Avropa çempionatında Azərbaycan boksçuları ilk medalları təmin ediblər.
Prosport.Az xəbər verir ki, yarışın 5-ci günündə milli komandanın 4 üzvü rinqə çıxıb.
70 kq çəki dərəcəsində çıxış edən Nəbi İsgəndərov 1/4 finalda macarıstanlı Kalman Hankoya qalib gələrək yarımfinala yüksəlib.
Ardınca Səidcəmşid Cəfərov (75 kq) uğur qazanıb. O, Almaniya təmsilçisi Mouhime Abdoulay üzərində qələbə qazanaraq 4 ən güclü sırasına düşüb.
Beləliklə, İsgəndərov və Cəfərov özlərinə ən azı Avropa çempionatının bürünc medallarını təmin ediblər.
Eyni zamanda, digər 2 Azərbaycan boksçusu üçün turnir başa çatıb. 1/8 finalda Məhəmməd Aşirəliyev (60 kq) ukraynalı Aider Abduraimova, Murad Allahverdiyev (80 kq) isə serb Rastko Simiçə məğlub olub.
Daha əvvəl Subhan Məmmədov (50 kq), Amin Məmmədzadə (55 kq), Malik Həsənov (65 kq) və Məhəmməd Abdullayev (+90 kq) 1/4 finala yüksəliblər.
Ümumilikdə Azərbaycan Avropa çempionatında 11 boksçu ilə təmsil olunur. Onlardan 5-i artıq mübarizəni dayandırıb.
