Serbiyanın Loznitsa şəhərində boks üzrə U-19 Avropa çempionatı davam edir.
Prosport.Az xəbər verir ki, yarışın üçüncü günündə Azərbaycan millisinin daha iki üzvü 1/4 finala vəsiqə qazanıb.
Əli Əliyev (50 kq) ikinci döyüşündə Slovakiyanı təmsil edən Adrian Zameçiklə qarşılaşıb. Hər üç raundda üstün olan boksçumuz yekunda 5:0 hesabı ilə qalib gəlib. Əliyev 1/4 finalda avqustun 18-də irlandiyalı Kristian Jubani ilə üz-üzə gələcək.
Banuçiçək Nəsirli (48 kq) isə turnirdə ilk döyüşündə Yunanıstan təmsilçisi Angeliki Petroula Sduqa ilə qarşılaşıb. Azərbaycanlı boksçu üçüncü raundda tam üstünlüklə qələbə qazanıb.
Nəsirli 1/4 finalda ilk mərhələdən azad olan polşalı Katarjina Qornisieviçlə qarşılaşacaq. Görüş avqustun 17-də keçiriləcək.
Qeyd edək ki, daha əvvəl Gülər Hüseynova (51 kq) da 1/4 finala yüksəlib.
