Azərbaycan Premyer Liqasının VII turu çərçivəsində keçirilən “Araz-Naxçıvan” — “Kəpəz” matçından (0:2) sonra gəncəlilərin baş məşqçisi Azər Məmmədov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Prosport.Az xəbər verir ki, mütəxəssis ilk növbədə qarşılaşma haqqında fikirlərini bölüşüb.
– Hər kəsi salamlayıram. Bizi uzaq yolda yalnız qoymayan, stadiona gələrək dəstəkləyən azarkeşlərimizə təşəkkür edirəm. Həmişəki kimi komandanın yanında oldular. Əlbəttə, futbolçularıma da minnətdaram. Çox vacib və əhəmiyyətli bir qələbə qazandıq. Heyətdə bəzi itkilərimiz var idi, lakin şans verdiyimiz oyunçular etimadı tam doğrultdular. Etiraf edim ki, çətin oyun olacağını bilirdik. “Araz-Naxçıvan”da baş məşqçi dəyişikliyi baş vermişdi. Bu amil adətən komandalara müsbət təkan verir. Üstəlik, yeni çalışdırıcının oyun fəlsəfəsini təhlil etmək üçün əlimizdə kifayət qədər material yox idi. Bütün bunlara baxmayaraq, futbolçularım tapşırıqları meydanda dəqiqliklə icra etdilər. Başda klub rəhbərliyi olmaqla, hər kəsin böyük zəhməti var, rəhbərliyin dəstəyini hər an hiss edirik. Matç çox dinamik keçməsə də, əsas olan nəticə idi və biz istədiyimizi götürdük.
– Heyətdə fərdi keyfiyyətləri ilə seçilən futbolçular var. Onların komanda oyunundakı payını necə dəyərləndirirsiniz?
– Faiz nisbəti ilə danışmaq istəməzdim. Bəli, müəyyən futbolçuların fərdi bacarıqları və üstünlükləri ola bilər. Lakin uğur qazanmaq istəyiriksə, komanda birliyi öndə gəlməlidir. Mənim üçün heyətdəki hər bir oyunçu, istər Rojerio Santos, istər Viktor Stine, istərsə də Namik Ələskərov və Urfan Abbasov, eyni dərəcədə dəyərlidir. Biz adlara deyil, kollektiv ruhuna söykənən komanda formalaşdırmağa çalışırıq. Kimsə fərdi keyfiyyətlərinə görə fərqlənə bilər, amma əsas olan vahid komanda kimi mübarizə aparmaqdır.
– Namik Ələsgərov və Rəhman Hacıyev uzun müddətdir yaxşı formadadırlar. Gələcək matçlarda onları eyni vaxtda və oxşar rollarda meydanda görə bilərik?
– Düşünürəm ki, bəli, bu mümkündür. Hal-hazırda əsas məqsədimiz optimal heyəti tam sabitləşdirməkdir. Bəzi oyunçular müəyyən matçlarda yüksək performans göstərir, bəzən isə enişlər olur. İnanıram ki, Namik də, Rəhman da, Azuma Abubakar da birlikdə oynayacaqlar. Komandada şanssız qalan futbolçu olmayacaq, hər birinə vaxtı gəldikdə imkan yaradacağıq.
– Bu qələbə ilə xallarınızı 10-a çatdıraraq “Zirə” ilə eyni göstəriciyə yüksəldiniz. Gələn həftə doğma meydanda həmin rəqiblə qarşılaşacaqsınız. Bu matçı “6 xallıq oyun” adlandırmaq olar?
– Ümumiyyətlə, bizim üçün Premyer Liqada qazanılan hər oyun 6 xala bərabərdir. Müəyyən büdcəmiz və həmin maliyyə imkanlarına uyğun gücümüz var, komandanı da buna müvafiq formalaşdırmışıq. Ona görə də hər bir uğurlu nəticə bizim üçün həyati əhəmiyyət daşıyır. “Zirə” ilə matça gəlincə, evdə bizi çox ağır və gərgin qarşılaşma gözləyir. Faktiki olaraq, bu oyun bitən andan etibarən artıq “Zirə” ilə matçın hazırlıqlarına başlamışıq. Ümid edirəm ki, Gəncə azarkeşlərinə yaxşı oyun nümayiş etdirərək növbəti xalları qazanacağıq.
