Bolqarıstanın MOİK klubunun müdafiəçisi Teodor İvanov UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Qarabağ"a qarşı keçiriləcək ilk oyun öncəsi fikirlərini bölüşüb.
Prosport.Az xəbər verir ki, Bolqarıstan mətbuatına danışan 21 yaşlı futbolçu komandanın Bakıya qələbə qazanmaq məqsədi ilə yollandığını bildirib.
"Qarabağ" ciddi rəqibdir və yüksək səviyyəyə malik komandadır. Yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik.
İvanov MOİK-in hədəfinin yalnız qələbə olduğunu vurğulayıb: "Məncə, komandanın istəyi və qələbə əzmi dəyişməlidir. Bizim keyfiyyətimiz var. MOİK üçün heç-heçə yoxdur, bizim üçün yeganə müsbət nəticə qələbədir. Əhval-ruhiyyənin ən yüksək səviyyədə olmaması normaldır. Bizim üçün heç-heçə məğlubiyyət kimidir."
Müdafiəçi qarşıdakı görüşdə layiqli çıxış etməyə çalışacaqlarını deyib: "Ümid edirəm ki, yaxşı oyun göstərib layiqli çıxış edəcəyik. Təzyiq həmişə olacaq. Təzyiq varsa, deməli, işləri düzgün görürsən. Həm özümüz, həm də azarkeşlərimiz üçün əlimizdən gələni etməyə çalışırıq".
Teodor İvanov azarkeşlərin dəstəyinin komanda üçün böyük önəm daşıdığını qeyd edib: "Azarkeşlər uğurlarımızın 50 faizini təşkil edir və onların yoxluğunu hiss edəcəyik. Televiziya qarşısında onlara sevinc yaşatmağa çalışacağıq".

