Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi "Neftçi" bu gün 2026/27 mövsümündə ilk oyununa çıxacaq.
Prosport.Az xəbər verir ki, bakılılar turnirin 2-ci təsnifat mərhələsinin ilk görüşündə Belarusun Minsk "Dinamo" komandasını qəbul edəcəklər. Hazırda rəqib komanda Belarus çempionatında 14 turdan sonra turnir cədvəlinə başçılıq edir.
"8-ci kilometr" stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da start götürəcək. Oyunu Kiprdən olan baş hakim Kostas Fellas idarə edəcək.
Komandalar arasında cavab görüşü iyulun 30-da Bolqarıstanın Stara-Zaqora şəhərində yerləşən "Beroe" stadionunda keçiriləcək.
Qeyd edək ki, "Neftçi" sonuncu dəfə 2023/24 mövsümündə UEFA Konfrans Liqasında iştirak edib.
Xatırladaq ki, Azərbaycanın turnirdəki digər təmsilçisi "Zirə" isə növbəti oyununu sabah Estoniyada yerli "Payde"yə qarşı keçirəcək.
UEFA Konfrans Liqası
2-ci təsnifat mərhələsi, ilk oyun
24 iyul
20:00. "Neftçi" – "Dinamo" (Minsk)
Baş hakim: Kostas Fellas (Kipr)
Stadion: "8-ci kilometr", Bakı

