"İmişli"dən ayrılmış portuqaliyalı məşqçi Jorj Kaşkilya "Sumqayıt"a keçməyə çox yaxındır.
Prosport.Az-ın xəbərinə görə, "İmişli"də ümidləri doğruldan, sadəcə maliyyə məsələsinə görə razılığa gəlinməyən Kaşkilya tezliklə "Sumqayıt"ın sükanı arxasına keçəcək.
"Sumqayıt"ın prezidenti Riad Rəfiyev öz müştərisi Jorj Kaşkilyanı elə öz klubuna aparacaq. Həmçinin, Kaşkilya özü ilə sağ cinah müdafiəçisi Rafael Vieqası da "Sumqayıt"a gətirəcək. "İmişli" ilə müqaviləsi başa çatmış braziliyalı 2022/23 mövsümü üçün Portuqaliya aşağı liqasının ən yaxşı müdafiəçisi seçilib və o, Azərbaycanda da özünü yaxşı tərəfdən göstərməyi bacarıb.
Qeyd edək ki, Rafael Vieqas "İmişli"nin heyətində 32 (30 Premyer Liqa, 2 Kubok) matça çıxıb. O, 1 qol vurub, 3 sarı vərəqə və 1 qırmızı vərəqə alıb.

