DÇ-2026-da iştirak etməli olan somalili hakim Ömər Əbdülqadir Artan ABŞ-a giriş icazəsi ala bilməsə də, turnir üçün nəzərdə tutulan qonorarını tam alacaq.
Prosport.Az BBC-yə istinadən xəbər verir ki, FİFA yaranmış vəziyyətə görə hakimin məsuliyyət daşımadığını nəzərə alaraq onun maliyyə hüquqlarını qorumaq qərarına gəlib. Buna görə də Artana dünya çempionatı üçün ayrılmış ödəniş tam şəkildə veriləcək.
Xatırladaq ki, daha əvvəl ABŞ-a daxil olmasına icazə verilmədiyi üçün somalili referinin mundial oyunlarında çalışa bilməyəcəyi açıqlanmışdı.
Hakimlərin turnirdən əldə etdiyi gəlirin məbləği hələlik açıqlanmayıb. Ödənişlərin yarış başa çatdıqdan sonra həyata keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Afrika Futbol Konfederasiyası tərəfindən qitənin ən yaxşı hakimi seçilən Artan avqustun 12-də Avstriyanın Zalsburq şəhərində keçiriləcək UEFA Superkuboku uğrunda "PSJ" – "Aston Villa" matçını idarə edəcək.

