Premyer Liqaya vəsiqə qazanan "Şəfa"nın yeni baş məşqçisi Zaur Həşimov klubun mətbuat xidmətinə açıqlama verib.
Prosport.Az xəbər verir ki, mütəxəssis doğma komandaya qayıtdığı üçün xoşbəxt olduğunu bildirib:
"“Şəfa” mənim üçün doğma klubdur. Futbolçu kimi çıxış etdiyim komandaya baş məşqçi kimi döndüyüm üçün şadam. “Şəfa” uzun illər sonra Premyer Liqaya qayıtdı. Bu, bizim üçün böyük məsuliyyətdir. Etimada görə klubun prezidenti Kənan Sadıqlıya təşəkkür edirəm."
Zaur Həşimov qarşıdakı dövrdə komandanı ciddi işlərin gözlədiyini vurğulayıb:
"Əlbəttə, işimiz asan olmayacaq. Ölkə çempionatının startına iki aydan bir qədər artıq vaxt qalıb. Bu, yeni komanda üçün elə də uzun müddət deyil. Görüləcək işlər çoxdur. Heyətlə bağlı planlarımız var. Komandada olan futbolçular barədə qərar verəcəyik. Yeni transferlərimiz də olacaq. Mənim bu komandaya gəlməyimdə əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”.
Qeyd edək ki, "Şəfa" ötən mövsüm Birinci Liqanın qalibi olaraq Azərbaycan Premyer Liqasına vəsiqə qazanıb. Klub yay fasiləsində heyətini gücləndirməyi və elitada möhkəmlənməyi hədəfləyir.

