Polşada keçirilən güləş üzrə beynəlxalq turnirin 4-cü günündə sərbəst güləş üzrə yığmanın 2 üzvü mübarizə aparıb.
Prosport.Az xəbər verir ki, Osman Nurməhəmmədov (92 kq) startda polşalı Filip Roqut üzərində inamlı qələbə qazanıb – 9:0. Dağıstanlı legionerimiz daha sonra 2 amerikalı güləşçini – Maykl Makkiavello (8:2) və Nikolas Stemeti (11:0) məyus edib. Finalda polşalı Mixal Byelavskiyə heç bir şans tanımayan (10:0) Osman fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Georgi Meşvildişvili (125 kq) əvvəlcə bolqarıstanlı Qeorgi İvanovu (11:0), daha sonra isə almaniyalı Qennadi Kudinoviçi (6:4) üstələyib. Ancaq gürcüstanlı legionerimiz finalda amerikalı Nikolas Vyazdovskiyə 2:9 hesabıyla məğlub olaraq gümüş medalla kifayətlənib.
Sabah titullu güləşçimiz Hacı Əliyev də daxil olmaqla milli komandanın 6 üzvü turnirdə çıxış edəcək.
