Mariya Stadnik Polşanın paytaxtı Varşavada keçirilən güləş üzrə “Poland Open” turnirində çempion olub.
Prosport.Az xəbər verir ki, yarışın 2-ci günündə bir güləşçimiz mübarizə aparıb.
Mariya Stadnik (50 kq) gözlənildiyi kimi, favorit imicini doğruldub. Dünya qadın güləşinin canlı əfsanəsi finaladək kanadalı Keti Dutçaka, polşalı Amanda Tomçikə və Kanadanın digər təmsilçisi Medison Parksa "tuş"la qalib gəlib. Həlledici görüşdə təcrübəli polşalı güləşçi Anna Lukasyakla qarşılaşan Stadnik 7:0 hesablı qələbəylə "Poland Open" turnirində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, bu gün Jalə Əliyeva (57 kq) və Elis Manolova (62 kq) turnirdə mübarizəyə qoşulub.
