Azərbaycan döyüşçüsü Rafael Fiziyev UFC-yə qayıdışı üçün üstünlük verdiyi rəqibin adını açıqlayıb.
Prosport.Az xəbər verir ki, polşalı Mateuş Qamrotla ötən ilin sentyabrında keçirilən döyüşdə dizindən zədələnən idmançımız revanş arzusundadır.
O, bu məğlubiyyətdən və zədə ilə bağlı əməliyyatından sonra istəyini menecerinə də deyib: “Menecerimə dedim ki, mən revanş almaq, bu oğlanla yenidən döyüşmək istəyirəm. Mən əvvəlki kimi elit döyüşçülərlə üz-üzə gəlmək, özümü sınamaq niyyətindəyəm. Bu revanş baş tutsa, mənim üçün ideal olacaq”.
Qeyd edək ki, 31 yaşlı döyüşçü UFC-də 2019-cu ildə debüt edib. Onun hesabında 6 qələbə və 3 məğlubiyyət var.

