"5-ci dəfə dünya çempionu olmağa çalışacağam. Bundan sonra karyeramı bitirəcəyəm".
Prosport.Az xəbər verir ki, bunu Albaniyanın paytaxtı Tiranada keçirilən qeyri-olimpiya çəki dərəcələri üzrə dünya çempionatında qızıl medal qazanan Azərbaycan yunan-Roma güləşçisi Eldəniz Əzizli (55 kq) Dünya Güləş Birliyinin (UWW) rəsmi saytına açıqlamasında deyib.
32 yaşlı idmançı növbəti il Avropa çempionatına qatılmayacağını söyləyib: "Gələcəkdə nələrin olacağını bilmirəm. Amma dünya çempionatlarındakı 5-ci qızıl mükafatı əldə etmək istəyirəm".
Əzizli finalda xəbərdarlıq xalı ilə (1:1) məğlub etdiyi iranlı rəqibi Poya Dəd Mərz haqqında da danışıb: "İranlı güləşçi ilə əvvəl də qarşılaşmışıq və bir-birimizi yaxşı tanıyırıq. Onu 4 dəfə məğlub etmişəm və bu dəfə də buna yaxın idim".
Qeyd edək ki, Eldəniz Əzizli 2018, 2022 və 2023-cü illərdə də mundialın qalibi olub. Bununla da o, adını Azərbaycan güləş tarixinə ilk dördqat dünya çempionu kimi yazdırıb.
