"Neftçi"nin yetirməsi Mirabdulla Abbasov karyerasını bərpa edib.
Prosport.Az sportinfo.az-a istinadən xəbər verir ki, 29 yaşlı futbolçu 1 illik aradan sonra yaşıl meydanlara qayıtmaq qərarını verib.
2018-ci ildə Premyer Liqanın ən yaxşı oyunçusu seçilmiş hücumçu I Liqada forma geyinəcək.
O, Araz Abdullayevin ardınca "Qaradağ Lökbatan"ın yolunu tutub. Abbasov gələn ilin yayınadək, yəni, mövsümün axırınadək aşağı dəstə təmsilçisinin uğurları üçün çalışacaq.
Qeyd edək ki, hücumçunun son klubu "İrəvan" olub. Abbasov ötən mövsümə bu komandada başlasa da, 2023-cü ilin okatyabrında çıxışını dayandırıb. Bir neçə ay maaş ala bilməyən futbolçu karyerasına məcburi fasilə vermək məcburiyyətində qalıb.
Onu da bildirək ki, "Qaradağ Lökbatan"ın baş məşqçisi Amit Quluzadə, futbolçular – Araz Abdullayevlə Mirabdulla Abbasov "Neftçi"nin yetirmələridir. Onlar "Qaradağ Lökbatan"ın faktiki sahibi olan Sadıq Sadıqovun prezidentliyi dövründə "Neftçi"də çıxış edib.

