"Qarabağ" Avropa Liqası Liqa mərhələsinin III turu çərçivəsində sabah Bakıda "Ayaks"ı qəbul edəcək.
Prosport.Az xəbər verir ki, Azərbaycan çempionunun baş məşqçisi Qurban Qurbanov magtçdan öncə təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
– Bizim üçün çox vacib oyundur. "Ayaks" kimi dünya futbolunda tanınan, hücum futbolu göstərən tarixi kluba qarşı oynayacağıq. "Ayaks"a baxıb, onların düşüncələrini icra edən klublar çoxdur. Bu cür klubun Bakıya gəlməsi bizim üçün üstünlükdür. Nəticədən asılı olmayaraq, bu belədir. Oyuna gəldikdə, pis hazırlaşmamışıq, bunun üçün vaxtımız olub. Futbolçuların hazırlıq səviyyəsi pis deyil. Çox istəklidirlər. İnanıram ki, sabah azarkeşlərimiz oyundan razı qalacaq. Bu bizim üçün çox vacibdir. Çalışacağıq ki, hər birinizi sevindirək. Meydanda ən yaxşı oyunlarımızdan birini oynamağa çalışacağıq.
– Zədəlilərlə bağlı vəziyyət necədir?
– Marko Veşoviç və Mateus Silva bu oyun üçün yoxdur. Müalicə alırlar.
– İndiyə qədər Azərbaycana "Ayaks" kimi titullu klub gəlməyib. Futbolçuların bu rəqibin adından çəkinməməsi üçün hansısa tədbir görəcəksiniz, yoxsa onlara bunu sıradan matç kimi təqdim edəcəksiniz?
– Əvvəllər də demişəm, bu cür klubların Bakıya gəlməsi, burada olması, azarkeşlərimizin onları canlı görməsi futbolumuza sevginin artması və inkişaf üçün böyük təkandır. "Ayaks"ın ümumi göstəricilərini götürdükdə, inanın ki, son vaxtlar ümumiyyətlə təzyiq deməzdim, çəkinəcək bir şeyimiz qalmayıb. Təcrübəmiz çoxdur. Böyük klublarla səfərdə və Bakıda oynamışıq. Böyük məğlubiyyətlər də görmüşük. Bu gün biz, sadəcə, komanda olaraq futbola olduğu kimi yanaşmaq istəyirik. Bəzi liqalarla, klublarla aramızda fərq böyükdür. Əgər gələcəyə nikbin baxıb, böyümək istəyiriksə, bu cür klublara qarşı oynamaqdan, böyük məğlubiyyətlərdən çəkinməli deyilik. Azərbaycan və Avropanın öndə gedən ölkələrinin futbolunu dəyərləndirsək, çəkinəcək bir şeyimiz yoxdur. Onlara qarşı necə düzgün oynaya bilərik? Ən vacibi çəkinməməliyik. Bunlar olduqda, inanıram ki, qarşıda daha da yaxşı kollektiv görə, tez inkişaf edə bilərik. "Ayaks" yaxşı komandadır, dinamik və ağıllı futbol oynayır. Oyunlarına baxıb, analiz etmişik. Biz onlara qarşı həm mübarizə aparacağıq, həm də bəzi şeyləri öyrənəcəyik. Öyrənmək üçün utanmırıq, çəkinmirik. Bu cür rəqiblərə qarşı möhkəm dayanmağı bacarmalıyıq. Bununla bərabər, sabah çalışacağıq ki, oyunumuzla, istəyimizlə, dinamika ilə azarkeşlərimizi razı salaq.
– Marko Yankoviç kimi meydanda aktiv olan birinin beynəlxalq oyunlarda şans qazanması, sərəncamınızda olması nə qədər rahatdır?
– Bu gün hələ 1 məşqimiz var. Özünü yaxşı göstərsə, sabah meydanda olacaq (gülür). Dəfələrlə demişəm, futbolçularımın hamısının sağlam olması mənim üçün böyük üstünlükdür. Çünki təkcə oyuna görə yox, oyundakıları yaxşı icra etmək üçün məşqlərdə bütün futbolçuların sağlamlığı çox önəmlidir. O zaman hər bir futbolçu oyunda nə etdiyini daha yaxşı anlayır. Bu cür böyük oyunlardan əvvəl məşqin keyfiyyəti yaxşı səviyyədə olur. 2 gün vaxtım oldu ki, bütün oyunçularla yaxşı məşq edək. Əvvəlki matçlardan öncə isə 3-4 gündən bir oyuna çıxırdıq. Hər oyuna 8-9 futbolçu ilə hazırlaşırdım. Milli fasilədə də 9-10 əsas oyunçu olurdu. Bu sayda futbolçularla keyfiyyətimizi heç cür yaxşılaşdıra bilmirdik. Amma 2 gün bu oyuna hamılıqla birlikdə hazırlaşa bildik. Ona görə inanıram ki, sabahkı matçda futbolçularım dinamik, yaxşı oynaya biləcək. Marko Yankoviç əsas üzvlərimizdəndir. Düşüncələrimizi yerinə yetirmək üçün hazır olması məni həmişə sevindirir. Buna görə də uzun müddətdən sonra məsuliyyətli oyuna hazır olması məni xoşbəxt etdi.
– Qapı mövqeyi yenə də müzakirə edilir. Bu mövqedəki problemlər sizi də narahat edir?
– Düzünü desəm, etmir. Hər bir oyunçunun məsuliyyətlə işə yanaşması mənim üçün ilk yerdədir. Bu gün hər iki qapıçının potensialı böyükdür. Hər ikisi də böyük məsuliyyətlə istənilən məşqdə özünü yaxşı tərəfdən göstərməyə çalışır. Ola bilər ki, əvvəlki oyunlarda komandaya tam uyğunlaşa bilməmişdilər. Mental olaraq tam hazır deyildilər. Fabiyan Buntiç və Mateuş Koxalskini götürsək, biri Portuqaliya, digəri Polşa çempionatında oynayıb. Ola bilər ki, bəlkə orada məsuliyyət az olub. Polşa və Portuqaliya liqalarından aşağı ola bilərik, amma bizim komandanın daim yuxarılarda olması məsələsi, məsuliyyəti bəlkə də onlarda daim olmayıb. Hər iki qapıçıya güvənirəm. Məğlub olanda, nəinki qapıçılar, oyunçulara qarşı fikirlər də dəyişilir. Bu gün olmasa da, sabah onların oyunları daha yaxşı olacaq, potensialları böyüyəcək. Narazı olası bir şey görmürəm. Özünüz də görəcəksiz ki, hər bir qolkiper özünü yaxşı göstərib, komandaya fayda verəcək. Şahruddin Məhəmmədəliyevin qayıtması, sağlam olması, rəqabətin böyüməsinə fayda verəcək. Bu gün onlara inamım böyükdür.
– Aleksey Kaşşukun hazırlıq durumu imkan verir ki, "Ayaks"la matçda daha çox meydanda olsun?
– Hazırlığı pis deyil. Amma mən hələ tam razı deyiləm. Onu gözəl anlayıram, uzun müddət kollektiv məşqsiz qalmaq, oyunlardan uzaq qalmaq, heç bir futbolçu üçün yaxşı hal deyil. Amma ümumən günü-gündən, oyundan-oyuna, məşqdən-məşqə öz potensialını açmağa başlayır. Ona inam və güvənimiz çoxdur. Çempionat oyunlarında əsas heyətdə də meydana çıxdı, sonradan da. Bu gün "Ayaks"la görüşdə oynamaq dəqiqəsini tam deyə bilmərəm. Sürət, dinamika tam başqa olur. Amma lazım olduğu halda, ondan istifadə edəcəyik. Kaşşukun texnikasına, futbol anlayışına ehtiyacımız ola bilər.
– Keçmiş futbolçunuz Raydell Pupon Niderland mətbuatına açıqlamasında bildirib ki, Qurban Qurabnov çox tələbkardır, hətta gecə klublarında da onun adamları var idi. Düşünmürsüz ki, legionerlərdən mental olaraq tələbkarlıq onlarda diskomfort yaradır?
– Klubda ən məsuliyyətli şəxs mənəm. Mənim üçün hər bir futbolçunun idman formasının daim yaxşı olması önəmlidir. Tələbkar olmağıma gəlincə, belə olmalıyıq. Amma bunu biz elə formada edirik ki, futbolçu inciməsin, küsməsin. Onu başa salaraq, öz fikirlərimizi bildiririk. Mənim elə də çox adamlarım, ətrafım yoxdur ki, gecə klublarında olsun. Ətrafımda olanlar axşam saatlarında oralarda olmayanlardır (gülür). Pupon maraqlı, məsuliyyətli biri idi. Onunla bir necə danışığımız olmuşdu. Ondan ən çox tələbim çəkisinin çox olması idi. Aşağı salmaq üçün söz vermişdi. Çəkisi çox olurdu, bəzən üstündən keçirdim (gülür).
– Müsahibəsində də bu məsələyə toxunub...
– Belə deyib? Oxumamışam... Biz bəzən futbolçuların şikatəyini eşidirik ki, yorğun oluruq, tələblər çoxdur. Amma müəyyən müddət keçəndən sonra anlayırlar ki, onlardan tələb etdiklərimiz, onların yaxşı, sağlam olması, ilboyu stabil olmaları üçün nə dərəcədə faydalıdır. İstənilən futbolçunu yoldan çıxarmaq çox asandır. Bu gün ələlxüsus da cavanları. Bir az uğur əldə edənlərin ətrafı böyüyür, dostları çoxalır. Futbol bu gün tam başqadır. Cüzi diskomfort istənilən futbolçunun səviyyəsini aşağı salır. Tələblər olmasa, uğurlu nəticə olmaz. Milliyə gedənlər heç ailələrinə vaxt ayıra bilmir. Buna baxmayaraq, tələblərimiz çoxalmalıdır. 1-2 məğlubiyyət komandaya inamsızlıq, güvənsizlik yaradır. Sizlər, azarkeşlər və bəlkə də rəhbərlik tərəfdən. Hamı qalib gəlmək istəyir. Futbolçularıma nə qədər bəzi anlarda sərt olsam da, onların dostuyam, həmişə yanlarındayam. Problemləri olanda istənilən saatda onların yanında olmağa hazıram. Özümdən bunu tələb edirəm, sonra futbolçulardan. Eşitməmişəm ki, hansısa futbolçu məndən narazı qalıb, hamısı məni çox istəyib, hörmətlə yanaşıb. Bilirlər ki, onların sağlamlığı, yaxşılığı üçün fikirlərimi bildirirəm. Buna da məcburam, borcluyam. Onları ən çox istəyən, uğur əldə etmələrini istəyən ilk şəxs mənəm. Bilirəm ki, bu nə dərəcədə ağır peşədir. Kənardan sevimli peşədir. Amma aysberqin görünməyən tərəfləri var. İçəridə nələrdən keçirlər, bunu tək mən bilirəm. Yaxşı olmaları üçün bəzən xoşları gəlməsə də, onlardan bunu tələb edəcəyəm.
– Rəqiblər bəlli olanda "Qarabağ"ın pley-off mərhələsinə vəsiqə qazanacağını düşünürdük. İndi isə son pillələrdəyik. Pley-off mərhələsinə yüksəlməmək kimi narahatlığınız var?
– Bu il turnir fərqli formatdadır. 2 oyundan sonra fikir bildirmək olmaz. Format elədir ki, bəlkə 4-5 xalla pley-off mərhələsinə vəsiqə qazanacaqsan. Mənim üçün bəlkə digər format daha rahat idi. Cəmi 3 komandaya qarşı öz fikirlərini, düşüncələrini daha tez formalaşdırıb, daha yaxşı hazırlaşa bilirdin. Ev və səfər oyunu var idi. Üstünlükləri çox idi. Yeni format tam fərqlidir. Buna uyğunlaşmaq lazımdır. Narahatlığım yox deyil, var. Ümumi duruma baxanda, bu gün xalımız yoxdur. Hələ heç nə bilmək olmaz. Qarşıda 6 oyunumuz var. Ən azından uduş nədir? Keçən il pley-off mərhələsinə keçsək, 8 oyun oynayırdıq. Bu mövsüm isə minimum 8 oyunumuz var. Yanvardan sonrakı 2 oyun bizim üçün pley-off kimi olur. Çox istəyərdik ki, oyunlarımızın sayı çox olsun. Çalışacağıq ki, pillə-pillə qalxaq. Bizim üçün pley-off-a çıxmaq uğurdur. Şansımız varsa, çalışacağıq ki, daha yuxarılarda olaq. İnanın ki, 16-17-ci ildir ki, buradayam, hər il hər oyunda narahatlığım var. Belə də davam edəcək.

