UEFA Avropa Liqasının əsas mərhələsinin ilk turunda mütləq izlənilməli olan oyunları seçib.
Prosport.Az xəbər verir ki, yeni formatda keçiriləcək turnirin I turunda tamaşaçılara 5 matç tövsiyə edilib. Onların arasında “Qarabağ”ın Londonda “Tottenhem”lə keçirəcəyi qarşılaşma da var.
İngiltərə klubunun daxili çempionatda işlərinin yolunda getmədiyi, Azərbaycan çempionunun isə yüksələn qrafik üzrə inkişafda olduğu vurğulanıb: “Çempionatda uğursuz nəticələr göstərən “Tottenhem” durmadan inkişaf edən “Qarabağ” önündə 3 xal axtarışında olacaq. Azərbaycan təmsilçisinin braziliyalı hücumçusu Olavio Juninyo avrokuboklarda fırtına kimi əsir. Bu görüş onu ön plana çıxara bilər”.
İzlənilməsi məsləhət görülən digər oyunlar isə “Mançester Yunayted” – “Tvente”, “Qalatasaray” – PAOK, “Ayaks” – “Beşiktaş” və “Roma” – “Atletik”dir.
Qeyd edək ki, Avropa Liqasında ilk turun oyunları sentyabrın 25-26-da keçiriləcək. “Tottenhem” – “Qarabağ” matçı ayın 26-da baş tutacaq.

