Basketbol üzrə Azərbaycan Kubokunda qrup mərhələsinə yekun vurulub.
Prosport.Az xəbər verir ki, son turda formal matç keçirilib. Belə ki, 2 bölgə klubu "Sərhədçi" İdman Mərkəzində qarşı-qarşıya gəlib. "Gəncə" cari mövsüm qələbəyə həsrət olan "Şəki"dən üstün olub – 85:78. Oyundan sonra hər iki komandanın əcnəbi baş məşqçiləri fikirlərini bildirib:
Bedri Meriç ("Gəncə"): "Kubok matçı olduğundan, limit fərqli idi. Müdafiə xətti ilə bağlı planımız vardı. Nə vaxt ona uyğun oynadıq, hesabda önə keçdik. Konsentrasiyanı itirdikdə isə rəqib üstünlüyü ələ alırdı. Daha rahat qalib gələ biləcəyimiz oyun idi. Amma qələbə də qələbədir. Önəmli olan budur. Məğlubiyyət seriyamız sona çatdı. Qalan oyunlara köklənəcəyik. Qələbələrlə mövsümü yaxşı yerdə başa vurmaq istəyirik. Azarkeşlərimizi də sevindirmək baxımından bu çox önəmlidir. Oyunçuları da qələbəyə görə təbrik edirəm".
Aleksander Uco ("Şəki"): "Gəncə" ilə oyun komandamızın zəhmətinin və fədakarlığının göstəricisi idi. Yaxşı rəqiblə üz-üzə gəldik. Amma oyunçularımız soyuqqanlı qaldılar və həyata keçirilən strategiyaları sınadılar və bu, planlaşdırıldığı kimi keçdi. Məni sadəcə onların təzyiq altına düşərkən özlərini itirməsi və ən vacib məqamda işi bitirə bilməmələri qane etmir. Biz qarşıdakı oyunlarda mükəmməlliyə can atmağa davam edəcəyik".